Bu gün (04 aprel) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xüsusi ittihamçı Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Abbasov Rafiqin “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmənin hazırlıq iclası keçirilib.
Hacı Zeynalov iddia ərizəsinin ona təqdim edilmədiyi və ərizə ilə tanış olmaq üçün vaxt istədiyini əsas gətirərək, prosesin təxirə salınmasını məhkəmədən xahiş etdi.
Hakim Elçin Qurbanov yerində müşavirə edərək məhkəməni 11 aprel saat 15:30-a təxirə saldı.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Abbasov Rafiq “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında bir müddət əvvəl Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
* 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır