POLİS AKSİYADA JURNALİSTLƏRLƏ KOBUD DAVRANIB VƏ ONLARA PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ MANE OLUB

Bu gün (08 iyul) “Dalğa” gənclər təşkilatının fəalları Prezident Administrasiyasının qarşısında blogerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması tələbilə keçirdiyi aksiyada polis jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməyə mane olub və onlarla kobud davranıb.

Belə ki, jurnalistlərin sərbəst məlumat toplamasına, müsahibə götürməsinə kobudluqla müdaxilə edən polislər onları ərazidən uzaqlaşdırmağa çalışıb.

 

    Aksiya iştirakçıları “Adnana və Eminə azadlıq!”, “Qanunsuz məhkəmə qərarını ləğv edin!”, “Gənclərə təzyiqlərə son qoyun!” şüarları səsləndirərək, Filarmoniyanın binasının qarşısından Prezident Administrasiyanın binasına yaxınlaşıblar. Prezident Administrasiyasının binasının qarşısında polislər onların yolunu kəsərək maşınlara əyləşdiriblər. Həmçinin polislər “Dalğa” fəallarına aksiyanın qətnaməsini oxumağa  imkan verməyiblər. Fəalların payladıqları aksiyanın qətnaməsində dövlət başçısı bloggerlərin taleyinə müdaxilə etməyə və onları azadlığa buraxmağa çağırılır. Beş fəal saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

    Saxlanılanlardan biri – “Dalğa” Gənclər Hərəkatının fəalı Ramin Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, onları Səbail Rayon polis idarəsinin 9-cu polis bölməsinə aparıblar. “Polis bölməsində əvvəlcə bizə işimizi məhkəməyə göndərəcəklərini bildirsələr də, fikirlərini dəyişərək bizi sərbəst buraxdılar” – deyə Ramin Hacılı vurğuladı.     

 

    Qeyd edək ki, “Dalğa” Gənclər Hərəkatı Emin Milii və Adnan Hacızadənin müdafiəsi ilə bağlı 7 iyul tarixındə Tiflis şəhərində də aksiya keçirib. Yürüş Gürcüstanda Azərbaycan səfirliyinin qarşısından “Rustavelli” metrostansiyasına qədər davam etdi. Aksiyanın şüarları ingilis dilində  “Mənə Azadlıq verin", "Adnan və Eminə Azadlıq” və rus dilində "Bloq aparmaq cinayət deyil!” olub.

 

    Yürüş başlayarkən səfirliyin qarşısında polislər və səfirliyin mühafizə xidməti aksiyanın məqsədi və mahiyyəti barəsində maraqlanıb. Hərəkatın idarə heyətinin rəhbəri Ağarəhim Poladov şifahi izahat verdikdən sonra aksiya davam edib və baş tutub.

 

    Yürüş zamanı əhaliyə Emin Milli və Adnan Hacızadənin əvvəlki fəaliyyəti və həbsi barəsində ingilis dilində yazılan məlumat vərəqələri paylanmışdır.  

 

    Qeyd edək ki, bu gün Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsindən 1 il ötür.

 

    Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

SƏRHƏDSİZ REPORTYORLAR BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

Next Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.