
Bu barədə “Media forum” xəbər saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, baş redaktorun vəkili Anar Qasımlı bu dəfəki məhkəmə prosesin bir ay bundan əvvəl baş tutmuş prosesə bənzədiyini bildirib.
“Bir ay əvvəl hüquqlarını müdafiə etdiyi Nicat Əliyevin həbs müddəti artırıldı. O vaxt istintaq yeni ittiham irəli sürüləcəyini açıqlamış və istintaq hərəkətlərinin aparılmasının vacibliyini əsas gətirmişdi. Lakin ötən müddət ərzində nə yeni ittiham irəli sürüldü, nə də istintaq hərəkəti aparıldı. Bu dəfə də istintaq tərəfi həbs müddətinin uzadılmasının zəruriliyini yeni ittiham irəli sürülməsi ilə əlaqələndirib”, – deyə A.Qasımlı bildirib.
Xatırladaq ki, 2012-ci may ayının 20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən “Killer” kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda Nicat Əliyev Kürdəxanı təcridxanasında saxlanılır.