JURNALİSTİ DÖYƏN ŞƏXSLƏRİN CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (24 iyun) Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə jurnalist Zülfüqar Xeyirxəbərə fiziki xəsarətlər yetirmiş Karvan” çay evinin sahibi və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı  Əziz Əhmədova qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə zərərçəkən Zülfüqar Xeyirxəbər və onun nümayəndəsi Fariz Namazlı və cavabdehlər Zaur Qafarov, Əziz Əhmədov iştirak edirdilər.

 

Zərərçəkmişin nümayəndəsi F.Namazlı bildirdi ki, cinayət işinin istintaqı aparıldığı müddətdə zərərçəkmiş şəxs dəfələrlə müstəntiqə müraciət edərək, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) maddəsi ilə həmçinin FHN-in əməkdaşı olan təqsirləndirilən şəxsin  Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə məsuliyyət cəlb olunması barədə vəsatət versə də, müstəntiq əsassız olaraq, vəsatəti təmin etməmişdir. Namazlı bu səbəbdən cinayət işinin yenidən istintaqının aparılması üçün prokurorluğa qaytarılması barədə vəsatət qaldırdı.

 

Hakim K.Əmirxanova hazırlıq iclası olduğu üçün hələlik vəsatətlərə baxılmadığını deyərək, məhkəmə baxışı üçün prosesi 2 iyul, saat 10:00-a təyin etdi.

Xatırladaq ki, 18 fevral 2010-cu il tarixində, həmin vaxt “SalamNews” agentliyində müxbir işləyən Zülfüqar Xeyirxəbər “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub.  Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əziz Əhmədov  onu itələyə-itələyə ərazidən kənarlaşdıraraq ona müxtəlif zərbələr yetirib. Faktla bağlı Səbail rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi aparılıb.

 

Qeyd edək ki, rusdilli “SalamNews” (salamnews.org) agentliyi 2009-cu ilin noyabr ayından fəaliyyət göstərir.

 

Previous Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏ PROSESİ 30 İYUNA TƏYİN OLUNUB

Next Post

JURNALİSTLƏR VƏ MÜŞAHİDƏÇİLƏR NÖVBƏTİ DƏFƏ ELMİN BƏDƏLOVUN MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAYIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.