JURNALİSTLƏR VƏ MÜŞAHİDƏÇİLƏR NÖVBƏTİ DƏFƏ ELMİN BƏDƏLOVUN MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAYIBLAR

Bu gün (24 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Hakim C.Səfiyeva ötən prosesdə olduğu kimi bu dəfə də media nümayəndələrinin və müşahidəçilərin açıq keçirilən məhkəmə prosesinə buraxılmasına əsassız olaraq  icazə vermədi.

 

Prosesdə şikayətçi E.Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfdən isə vəkil İlqar Cavadlı, ADNA-nın “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov iştirak ediblər. Həmçinin məhkəmənin dəvəti ilə Təhsil Nazirliyinin (TN) nümayəndəsi Natiq İbrahimov da prosesə qatılıb.

Prosesin gedişi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının vəkili Fariz Namazlı məlumat verib.

 

“ADNA E.Bədəlovun üç kəsirinin olması ilə əlaqədar ali məktəbdən xaric olunmasının Təhsil Nazirliyinin 1994-cü ildə qəbul edilmiş Əsasnaməyə uyğun olduğunu bildirdi. Biz isə iddiaçı tərəf olaraq, həmin əsasnaməsinin konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırsaq da, bu vəsatət təmin edilmədi” – deyən vəkil F.Namazlı əlavə etdi ki, hakim C. Səfiyeva növbəti prosesi 1 iyul saat 16:00-a təyin edib.

 

Qeyd edək ki, jurnalistləri və müşahidəçiləri açıq keçirilən məhkəmə iclasından kənarlaşdırdığına görə, RATİ hakim barəsində Məhkəmə Hüquq Şurasının sədrinə şikayət edib.

 

Xatırladaq ki, hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.

 

Previous Post

JURNALİSTİ DÖYƏN ŞƏXSLƏRİN CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Next Post

HƏBSDƏ OLAN BLOQÇULARIN AİLƏ ÜZVLƏRİ HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.