GƏNC BLOQÇULARA QARŞI CİNAYƏT İŞİNƏ ƏSASƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (04 sentyabr) Səbail rayon məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadəyə qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən hazırlıq iclası keçirildi.

Hazırlıq iclasında təqsirləndirilən şəxslər Adnan Hacızadı və Emin Milli, onlsrın vəkilləri İsaxan Aşurov və Elton Quliyev, dövlət ittihamçısı Ceyhun Kərimov, zərərçəkmiş şəxs qismində isə Vüsal Məmmədov və İlkin Həsənov və səlahiyyətli nümayəndələri Zaur İbadov iştirak edirdilər.
Təqsirləndirilən tərəfin vəkilləri məhkəmə iclaslarının daha böyük salonda və onlayn yayım sistemi ilə keçirilməsi ilə bağlı vəsatət qaldırdı. Lakin hakim vəsatəti təmin etmədi. Qeyd edək ki, iclasda jurnalistlər, diplomatik korpusların nümayəndələri, yerli və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər. Məhkəmə salonunda oturmaq üçün yerlər tutulandan sonra, çox sayda müşahidəçi iclasda iştirak etmək üçün içəri buraxılmadı.
Daha sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) məhkəmə iclasları zamanı çəkiliş aparılmasına icazə verilməsi ilə bağlı müraciətini müzakirə edən hakim çəkilişə icazə vermədi. Vəkil Elton Quliyev videoçəkilişin məhkəmə tərəfindən aparılması ilə bağlı vəsatəti hakim tərəfindən qəbul olundu.
  Təqsirləndirilən tərəfin vəkilləri Adnan Hacızadə və Emin Millinin 8 iyul tarixində polis idarəsində saxlanılarkən müdafiə hüququnun pozulması səbəbilə cinayət işinə xitam verilərək, işin yenidən prokurorluğa qaytarılması barədə vəsatəti də təmin edilmədi.
Daha sonra təqsirləndirilən tərəfin vəkilləri gənclərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət versələr də, hakim təmin edilməməsinə qərar verdi.
İsaxan Aşurov və Elton Quliyev işlə bağlı sübutların siyahısını təqdim edərək, hadisə baş verən gün təqsirləndirilən şəxslərin telefon danışıqlarının və təhlükəsizlik kameralarında olan görüntülərin alınması, həmçinin hadisə ilə əlaqəli bir çox şəxslərin şahid qismində məhkəməyə dəvət olunmasını istədilər.
Müşavirədən sonra hakim qərarı elan edərək bildirdi ki, sübutlar siyahısı qəbul olunmur və işə mahiyyəti üzrə baxılması üçün proses 16 sentyabr, saat 15.00-a təyin olunur.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Previous Post

RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN MƏHKƏMƏ PROSESİ 04.09.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.