“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (31 mart) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə və baş redaktor Rəfael Becanova qarşı iddiasına əsasən hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Əvəz Temirxan və cavabdeh Rəfael Becanov iştirak edirdi.

Əvəz Temirxan bildirdi ki, iddiaya səbəb olmuş yazının müəllifi kimi Orxan Sultanəli göstərilsə də, əslində həmin yazını qəzetin əməkdaşları Elmidar Bayramov, Nicat Dağlar, Nəsimi Şərəfxanlı və Zülfüqar Hüseynlidir. O, adıçəkilən şəxslərin də prosesə cavabdeh qismində cəlb olunması ilə bağlı vəsatət qaldırdı. Hakim vəsatətin təmin olunması ilə bağlı qərar qəbul etdi.

Rəfael Becanov isə həmin yazı dərc olunan vaxt qəzetə əmrlə məsul redaktor Nəsimi Şərəfxanlının rəhbərlik etdiyini bildirdi və prosesə cavabdeh kimi yalnız onun cəlb olunmaması ilə bağlı vəsatət verdi.

Hakim vəsatəti təmin etmədi və məhkəmə baxışını 9 aprel saat 16:00-a təyin etdi.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

Previous Post

“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORUNUN İKİ VƏSATƏTİNDƏN BİRİ TƏMİN EDİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.