“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORUNUN İKİ VƏSATƏTİNDƏN BİRİ TƏMİN EDİLİB

Martın 30-da Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Mətbuat Şurasına (MŞ) və şuranın sədri Əflatun Amaşova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili və cavabdeh qismində MŞ-nın nümayəndəsi Şəmsəddin Əliyev iştirak ediblər.
Hakim İ.Şirinov ötən prosesdə iddiaçı tərəfin qaldırdığı iki vəsatətlə bağlı qərardadı elan edib.
Qeyd edək ki, birinci vəsatət MŞ sədri Ə.Amaşovun  “Təzadlar”ın yayımının dayandırılması barədə 1 fevral 2010-cu il tarixli, 035 saylı qanunsuz məktubu ilə “Qasid” ASC-yə müraciət etməsinə dair idi.
Hakim Asif Mərzilinin bu vəsatətini təmin etdi və MŞ sədri Əflatun Amaşovun “Qasid” ASC-yə qəzetin yayımının dayandırılması barədə məlum qanunsuz məktubunun qüvvədən düşməsi və Amaşovun bütün qanunsuz hərəkətlərinin dərhal dayandırılması barədə qərardad çıxardı.
İkinci vəsatət isə “Təzadlar” qəzetinin hüquqi şəxs olaraq məhkəməyə cəlb edilməsi səbəbindən iş materiallarının aidiyyəti üzrə baxılması üçün 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi tələbi idi.
Hakim bu vəsatətin təmin edilməməsi barədə qərarı elan edib.
Qeyd edək ki, Asif Mərzili bu qərardaddan apellyasiya şikayəti verdiyi üçün işə mahiyyəti üzrə baxılması dayandırılıb.
 
Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “qara siyahıya” daxil etdiyi üçün A.Mərzili məhkəməyə müraciət edib.

Previous Post

AVROPA MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRAR VERMƏYƏ HAZIRLAŞIR

Next Post

“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.