İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜNVANINA SƏSLƏNƏN TƏNQİDLƏRƏ REAKSİYA VERİB

07 iyul 2008-ci ildə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsi keçirilmişdir.

Rəsmi dövlət qəzetlərinin (“Respublika”, “Xalq” qəzetləri və s.) dünənki sayında Əliyevin müşavirə zamanı söylədiyi nitqin tam mətni dərc edilmişdir. Müşavirə zamanı prezident İlham Əliyev öz çıxışında Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər məsələsinə, xüsusilə də Azərbaycanla Avropa Şurası arasında olan münasibətlərə toxunaraq bu təşkilatı tənqid edib:
“Beynəlxalq təşkilatlarla bağlı olan məsələlər haqqında nazir öz çıxışında söylədi. Mən bir də demək istəyirəm ki, bizim son illər ərzində beynəlxalq təşkilatlarda uğurlu siyasətimiz konkret, praktik nəticələrə gətirib çıxarıbdır. Onları sadalamaq üçün çox vaxt lazımdır, yəqin ki, bu müşavirədə, növbəti günlərdə bu, müzakirə olunacaq. Mən bunların içində mart ayında BMT-nin Baş Məclisində işğal olunmuş torpaqlarda vəziyyətlə bağlı qətnamənin qəbul olunmasını qeyd etmək istəyirəm. Bu, doğurdan da bizim böyük siyasi və diplomatik qələbəmizdir. Biz bir neçə il idi ki, bu qələbəyə doğru irəliləyirdik. Bu qətnamənin qəbul olunması üçün çox böyük işlər görülübdür. İctimaiyyət, təbii ki, bunun son nəticəsini görür. Görür ki, artıq səsvermədə Azərbaycan böyük üstünlüklə qələbə qazanıb. Amma bunu təmin etmək üçün nə qədər böyük səylər göstərilibdir. Əlbəttə ki, bunu hamı bilə bilməz. Bu qətnamə artıq digər beynəlxalq təşkilatlara da öz təsirini göstərir. Bu yaxınlarda Avropa Şurası tərəfindən qəbul edilmiş sənəddə artıq BMT Baş Məclisindəki sənədə istinad edilir və bunun əhəmiyyəti haqqında sizə əvvəlcədən deməyə ehtiyac yoxdur. Siz bunu yaxşı anlayırsınız. Bu onu göstərir ki, məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəyə, uğura gətirib çıxarır. Digər beynəlxalq təşkilatlarla da münasibətlərimiz bizi qane edir. Biz bəzi beynəlxalq təşkilatlar qarşısında ora üzv olarkən üzərimizə öhdəliklər götürmüşük. Məsələn, Avropa Şurasına üzv olarkən götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Biz o təşkilata könüllü daxil olmuşuq. Heç kim bizi ora dartmayıb, heç kimi bizi məcbur etməyib ki, biz ora üzv olaq. Üzv olduq və biz istəyirik ki, Avropanın ən inkişaf etmiş ölkələrində mövcud olan müsbət təcrübə Azərbaycanda da tətbiq edilsin. 
Avropa Şurası bildiyiniz kimi, daha çox demokratiya, insan haqları məsələləri ilə məşğuldur və son 7 il ərzində bu istiqamətdə Azərbaycan çox böyük bir yol keçibdir. Azərbaycanda demokratikləşmə prosesləri, insan haqlarının qorunması işində atdığımız addımlar ölkəmizi daha da zənginləşdirir və gücləndirir. Bəzi hallarda, siz də bunu yaxşı bilirsiniz ki, bizə qarşı ikili standartlar siyasəti aparılır və bunun səbəbləri də aydındır. Nə üçün bu belədir, bunun tarixi səbəbləri nədən ibarətdir? Əlbəttə tarixi səbəbləri var. Eyni zamanda, Azərbaycanın müstəqil siyasəti deyə bilmərəm ki, hamının xoşuna gəlir və biz buna hazır olmalıyıq. Avropa Şurası Parlament Assambleyasında son sessiyalarda Azərbaycanla bağlı məsələ müzakirə olunarkən Avropa deputatları demişdilər ki, Azərbaycan cəmi 7 ildir ki, təşkilatın üzvüdür, nə üçün 8-ci dəfə Azərbaycan məsələsi müzakirə olunur? Nə üçün Azərbaycanla bərabər, yaxud da ki, hətta ondan daha əvvəl təşkilata üzv olmuş MDB ölkələri belə böyük diqqətə malik deyillər? Nə üçün? Yəni bu suallardır, biz də bu sualları qarşı tərəfə, yəni bizim tərəfdaşlara açıq şəkildə qoyuruq və predmetli danışıqlar nəticəsində görürük ki, bizim əsaslı iradlarımıza, əsaslı narahatlığımıza tutarlı cavab ala bilmirik. Bəzi hallarda bizim həmkarlarımız razılaşmağa məcbur olurlar ki, bəli, dünyada ikili standartlar var və biz bunu bilirik. Azərbaycan cəmiyyəti də bunu bilir. Bizə qarşı bəzi hallarda əsassız hücumlar, tənqidlər bütün Azərbaycan xalqını da, bizi də üzür. Çünki bu hücumlar əsassızdır. Təbii ki, Azərbaycan cəmiyyətində hər şey kamil deyil. Hansı cəmiyyətdə hər şey mükəmməldir? Ən inkişaf etmiş ölkələrdə, özünü demokratiya simvolu adlandıran ölkələrdə məgər hər şey demokratik əsaslarla həll olunur? Əlbəttə ki, yox! Bu gün qloballaşma dövründə, internet dövründə heç bir şeyi gizlətmək mümkün deyil və insanlar hər şeyi görürlər. Biz sadəcə olaraq bunu nəzərə almalıyıq. Amma biz öz siyasətimizdən, milli maraqlarımızın müdafiəsi prinsiplərindən bir addım geri çəkilməyəcəyik. Qoy bizi nə qədər istəyirlər tənqid etsinlər, qoy nə qədər istəyirlər Azərbaycanı ləkələməyə çalışsınlar. Onsuz da Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ölkədə gedən bütün müsbət dəyişiklikləri görür və bunu dünya birliyi də görür. Sadəcə istərdik ki, bəzi təşkilatlarda bu riyakar siyasət artıq keçmişdə qalsın. Bunun əhəmiyyəti yoxdur. Bizə qarşı bir təzyiq mexanizmi kimi bu işləmir. Bunu hamı da görür. Bizə təzyiq etmək mümkün deyil. O təzyiq cəhdləri sadəcə olaraq, münasibətlərin gərginləşməsinə gətirib çıxarır və əgər bir neçə il bundan əvvəl biz, sadəcə olaraq, buna reaksiya vermirdik, yaxud da ki, susurduq, bu gün biz susmuruq. Bu gün biz sözümüzü deyirik və əgər, kimsə Azərbaycanın gözəl imicini ləkələmək istəyirsə, biz o tərəfə qarşı mübarizə aparacağıq. Bizim gücümüz də var, imkanlarımız da!
Sözün qısası onu demək istəyirəm ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanla əməkdaşlıq etmək lazımdır, Azərbaycanla yaxşı münasibətlər qurmaq lazımdır. Necə ki, biz bütün ölkələrlə və beynəlxalq təşkilatlarla yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Hesab edirik ki, bizə də adekvat münasibət olacaq. O halda ki, münasibət adekvat olmayacaq, onda bizdən də heç kim inciməsin. Bizim münasibətimiz də eyni olacaqdır.
Siz səfirlərsiniz və siz 47 ölkədə öz fəaliyyətinizi göstərirsiniz. Təbii ki, siz işlədiyiniz ölkələrdə Azərbaycanla o ölkələr arasında münasibətlərin inkişafı üçün çalışırsınız. Siz çalışdığınız ölkələrin daxili işinə qarışmırsınız. Təbii ki, qarışmırsınız, çünki Azərbaycanın siyasəti buna imkan verməz. Siz səfirliyə, onun statusuna xas olmayan təşəbbüslər irəli sürmürsünüz, təbii. Əlbəttə ki, biz bütün ölkələrdən eyni münasibəti gözləyirik, eyni yanaşmanı gözləyirik. Biz bir daha demək istəyirəm ki, bütün ölkələrlə çox yaxşı münasibətlərin davam etdirilməsində maraqlıyıq, bunu istəyirik. Ancaq bu, qarşılıqlı olmalıdır və Azərbaycana qarşı əsassız, bəzi hallarda təzyiq xarakterli addımları biz nə qəbul edə bilərik, nə də ki, buna göz yuma bilərik. 
 
           Digər beynəlxalq təşkilatlarla da münasibətlər davam edir. Biz Avropa İttifaqı ilə indi həm qonşuluq siyasətindəyik, qonşuluq proqramındayıq, həm də enerji dialoqundayıq. Bu qonşuluq proqramı artıq iki ilə yaxındır ki, icra olunur. Ümid edirik ki, növbəti illərdə biz bu proqramın daha da konkret nəticələrini görəcəyik. Bir başlanğıc kimi, proqram əlbəttə ki, müsbət hadisədir və o proqrama da biz könüllü qoşulduq, yəni bu, məcburi xarakter daşımırdı. Ona görə qoşulduq ki, biz istəyirik Azərbaycanda bütün meyarlar Avropanın inkişaf etmiş ölkələrinin müsbət meyarlarına uyğun olsun – istər iqtisadi azadlıqlarda, siyasi azadlıqlarda, istərsə də demokratik proseslərdə, sosial məsələlərin həllində. Sirr deyil ki, Avropa İttifaqının inkişaf etmiş ölkələrində bu məsələlər yüksək səviyyədə həll olunub. Biz də bunu istəyirik. Biz istəyirik ki, Azərbaycan müasir dövlətə çevrilsin, bütün lazımi təchizatlar yaransın və insanlar daha da yaxşı yaşasınlar. Və hesab edirik ki, növbəti illərdə qonşuluq siyasətində biz daha da konkret nəticələri görəcəyik. 
 
            O ki qaldı, enerji təhlükəsizliyi məsələlərinə, mən hələ buna toxunacağam. Bu istiqamətdə Azərbaycan əməkdaşlığa həmişə hazır olub və burada başlanmış və bizim təşəbbüsümüzlə icra olunan layihələr artıq nəinki bizim maraqlarımızı təmin edir və bizə dost olan ölkələrin maraqlarına xidmət edir. 
 
           İslam Konfransı Təşkilatı ilə bizim münasibətlərimiz güclənir. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif tədbirlər keçirilir. İslam aləmi ilə bizim münasibətlərimiz çox sürətlə inkişaf edir və bu, məni çox sevindirir. Biz elə etməliyik ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyək, islam həmrəyliyini gücləndirək və bizim üçün dost olan ölkələrlə münasibətlərimizi bütün istiqamətlərdə davam etdirək. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox vacib rol oynayır və bu rolu oynamağa davam edəcəkdir. MDB, GUAM, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İƏT – bütün bu təşkilatlarla da bildiyiniz kimi, biz əməkdaşlıq edirik və onların tədbirlərindəfəaliştirakedirik. 
 
          İndiki zəmanədə bildiyiniz kimi, enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Bu, beynəlxalq təşkilatların gündəliyindədir və bütövlükdə dünyada müzakirə olunan mövzulardan biridir, bəlkə də ən önəmli mövzudur. Çünki bu gün enerji təhlükəsizliyi ölkələrin əslində milli təhlükəsizliyi deməkdir. Azərbaycan bu istiqamətdə uzun illərdir ki, öz töhfəsini verir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdiribdir, eyni zamanda, bölgədə bizim imkanlarımızı gücləndiribdir və bizim müttəfiqlərimizin sayının artırılmasında önəmli rol oynayıbdır. Enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar yəqin ki, növbəti illərdə də dünya gündəliyində duran vacib məsələlərdən biri olacaqdır. Bizim enerji potensialımız dünya birliyinə bəllidir. Biz artıq çox böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilirik. Bu il Azərbaycanda neft hasilatı 50 milyon tondan çox olacaqdır. Qaz hasilatı haradasa, 20 milyard kubmetrə yaxın olacaqdır. Bizim zəngin neft-qaz yataqlarımız 100 ildən sonra da Azərbaycanın maraqlarını təmin edəcək və bizim ixrac potensialımızın davam etdirilməsinə imkan yaradacaqdır. Bizim neft kəmərlərimiz 3 istiqamətə Azərbaycan neftini daşıyır. Biz indi yeni layihələr üzərində işləyirik. 
 
            Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk – bütün bu kəmərlər işlək vəziyyətdədir. Təmirdə olan Bakı-Supsa neft kəməri yəqin ki, bir-iki aydan sonra yenə fəaliyyətə başlayacaqdır. Biz Odessa-Brodı layihəsi üzərində işləyirik. “Şahdəniz” qaz layihəsi uğurla davam edir. Bizi qonşu ölkələrlə bağlayan dörd qaz kəməri var. Bəlkə dünya ictimaiyyəti bu barədə o qədər də böyük bilgilərə malik deyildir. Hesab edilirdi ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən başqa kəmərlər yoxdur. Bu belə deyildir. Əlbəttə ki, Bakı-Tbilisi-Ərzurum bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycan qazı artıq bu gün Avropa Birliyi məkanına daxil edilibdir. Bu tarixi bir hadisədir. Amma bununla bərabər, bizi Gürcüstanla birləşdirən digər qaz kəmərimiz var. Biz indi onu bərpa etmişik, bütün təmir işləri aparılır və eyni zamanda o kəmər vasitəsilə Gürcüstana qaz ötürülür. Bizi Rusiya ilə bağlayan qaz kəmərimiz var. O da hər iki istiqamətə işləyə bilər və bu barədə də söhbətlər aparılır. Ölkəmizi İranla bağlayan qaz kəmərimiz var. O qaz kəməri vasitəsilə bu gün İranla mübadilə əməliyyatı aparılır. İran Naxçıvana, biz isə Astaradan İran ərazisinə qaz ötürürük. Yəni bu dörd kəmərin hamısı işlək vəziyyətdədir və bu dörd kəmər imkan verir ki, biz öz qazımızı istənilən istiqamətə, istənilən həcmdə nəql edək. Enerji ehtiyatlarının şaxələndirilməsi məsələləri budur. Bu gün istehlakçılar şaxələndirmə haqqında düşünürlər və hesab edirlər ki, hələ bu istiqamətdə işləmək lazımdır. Amma bu, istehsalçılar üçün də az əhəmiyyət daşımır. Əgər bizim 7 neft-qaz kəmərimiz olmasaydı, vəziyyətimiz indiki kimi ola bilməzdi. Danışıqlarda bizim mövqeyimiz möhkəm ola bilməzdi. Bütün kəmərləri işlək vəziyyətdə saxlamağımız bizim milli maraqlarımıza uyğun gəlir. Əlbəttə hər bir başqa ölkə kimi Azərbaycan özü üçün ən məqbul, ən əlverişli variantları seçib və seçəcəkdir. Bu, bir variant da və çox variant da ola bilər. 
 
             Yəni bu gün bizim qarşımızda duran bütün enerji məsələlərini uğurla icra etdik. Demək olar ki, Heydər Əliyev neft strategiyası zəfər çalıbdır. Azərbaycanın bugünkü imkanları bu strategiyanın təntənəsidir. Əlbəttə ki, bundan sonra daha da rahat formada, tələsmədən və maksimum mənfəət əldə etmək şərti ilə – mənfəət dedikdə, burada təkcə iqtisadi mənfəətdən söhbət getmir – biz bu işləri davam etdirəcəyik. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Dünyada və bölgədə bizim qazımıza tələbat artır və biz müxtəlif ölkələrlə bu münasibətləri sadəcə olaraq qarşılıqlı maraqlar əsasında həll etməliyik. Bizim qaz ehtiyatlarımız minimum 2 trilyon kubmetrdir ki, bu da bizə 100 ildən çox müddətdə kifayət edəcəkdir. Bir daha demək istəyirəm ki, enerji siyasətimiz bundan sonra da Azərbaycanın milli maraqlarına, iqtisadi və siyasi maraqlarına xidmət edəcəkdir. Biz bu gün iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Heç bir kreditdən asılı deyilik, əksinə biz kreditlər veririk.
İqtisadi müstəqillik imkan verir ki, biz müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox! Əlbəttə, bizi hansısa təşəbbüslərə, hansısa istiqamətə yönəltmək, sövq etmək istəyən tərəflər daha da fəal olacaqlar. Ancaq Azərbaycana heç bir iqtisadi yardım lazım deyil. Məsələn, biz Avropa İttifaqı ilə əməkdaşlıq edirik və inteqrasiya siyasətimizi davam etdiririk. Ona görə yox ki, biz Avropa İttifaqından nəsə umuruq, nəsə gözləyirik. Yox, bizə heç nə lazım deyil. Bilirsiniz ki, Avropa İttifaqının yeni üzvləri təşkilatdan böyük məbləğdə – milyardlarla dollar vəsaitlər alırlar. Bizim buna ehtiyacımız yoxdur. Ona görə bu, imkan verir ki, biz müstəqil siyasi xətt aparaq və aparırıq – istər daxili, istər xarici siyasətdə, istər enerji diplomatiyasında – bütün istiqamətlərdə. Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizim xarici siyasətimiz tam şəkildə müstəqildir. Mən bunu dəfələrlə demişən, bir daha demək istəyirəm, müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilsin”. 
 
P.S. İlham Əliyev təxminən bir il bundan əvvəl, 02 iyul 2007-ci il tarixdə Polis günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərkən beynəlxalq təşkilatları Azərbaycana  təzyiq etməkdə günahlandırmışdı:
“2005-ci ilə bir daha qayıtmaq istəyirəm. Məhz o vaxt həm Azərbaycan xalqı öz sözünü dedi, həm də Azərbaycan polisi bütün bu qanunsuz hərəkətlərin qarşısını çox cəsarətlə, çox qətiyyətlə və lazım olan şəkildə aldı. Mənim yadımdadır, ondan sonra bəzi xarici təşkilatlar və dairələr bizə təzyiq etməyə çalışdılar. Hətta tələb edirdilər ki, polis işçiləri cəzalandırılsın, onlar həbs olunsunlar, cinayət işləri açılsın. İmkan vermədim. Bütün bu tələbləri rədd etdim və dedim ki, bir nəfər də polis işçisi cəzalandırılmayacaqdır. Çünki onlar öz vəzifə borcunu yerinə yetirir, dövlətçiliyin keşiyində dururdular. Onlar qanunsuz cinayətkar hərəkətlərin qarşısını alırdılar. Mən bu gün də Azərbaycan polisini dəstəkləyirəm, polisin inkişafı üçün bütün lazımi tədbirləri görürəm. Həm polisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün, həm sosial problemlərinin həlli üçün və həm də cəmiyyətdə nüfuzunun qaldırılması üçün”.
Ötən ilki çıxışın tam mətninə Azərbaycan dilində bu ünvanda baxa bilərsiniz: http://www.president.az/articles.php?item_id=20070816115047892&sec_id=11

Previous Post

Aqil Xəlilin telekanallara qarşı məhkəməsi

Next Post

ƏLİ HƏSƏNOV YENƏ JURNALİSTLƏRİN ƏFV EDİLMƏSİNDƏN DANIŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.