PREZİDENT ADMİNİSTRASİYASININ ŞÖBƏ MÜDİRİ ƏLİ HƏSƏNOV BLOGGERLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

noyabr 16th, 2009
Şöbə müdiri bildirib ki, “Beynəlxalq qurumların Adnan Hacızadə və Emin Millinin həbsi ətrafında Azərbaycanın daxilində və xaricində keçirdiyi etiraz aksiyaları qərəzlidir”.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənc bloggerlər -“Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatoru Adnan Hacızadənin həbsi ilə bağlı “Azadlıq” radiosunun sualına  münasibət bildirərkən deyib.

     “Azərbaycanda hər il xuliqanlıq maddəsi ilə yüzlərlə insan azadlıqdan məhrum edilir. Nəyə görə onların heç birinə reaksiya verilmir, ancaq bu bloggerlərlə bağlı qərara münasibət bildirilir. Onlar deyə bilərlər ki, bloggerlər daha çox intellektlidir, onlar Qərbə daha yaxındırlar. Ancaq Azərbaycan Cinayət Məcəlləsində belə bir bölgü yoxdur ki, kim intellektlidirsə, Qərbə daha yaxındırsa, ona az iş verilsin”.

     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.