NEMƏT PƏNAHLININ HÜQUQLARININ MÜDAFİƏSİNƏ DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Bu gün (11 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində  yanvarın 8-də həbs edilən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hüquqlarının müdafiəsinə dair mətbuat konfransı keçirildi.

Tədbiri giriş sözü ilə açan “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli Nemət Pənahlının həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi. O, həmçinin bildirdi ki, partiya rəhbərinin həbs edilməsi birbaşa ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir. S. Əlibəyli bu addımı hakimiyyətin böyük yanlışı olduğunu deyərək, N. Pənahlı həbsdən azad olunana qədər özünün və redaktoru olduğu qəzetin ona hərtərəfli mənəvi dəstək olacağını vurğuladı.

Milli – azadlıq hərəkatı dövründə N. Pənahlının silahdaşlarından olan Rasim Əhmədov N. Pənahlıya qarşı irəli sürülən xuliqanlıq ittihamının ilk olmadığını  dedi və Azərbaycanın milli dövlətçiliyi uğrunda var qüvvələri ilə çalışacaqlarını bildirdi.

 Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının  sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi  21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində Pənahlı və onun dostu Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə  döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin  221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

            Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

Qeyd edək ki, Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda anadan olub. 1980-ci illərin sonunda xalq azadlıq hərəkatına qoşularaq onun öncül simalarından olub. Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin tərəfdarlarına qoşulub və mərhum prezidentin hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında yüksək vəzifədə işləyib. 1995-ci ildə parlament seçkisinin saxtalaşdırılacağını iddia edərək istefa verib.

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçkiyə bir həftə qalmış namizədlərdən birinin xeyirinə saxtakarlıq ediləcəyi iddiası ilə kampaniyanı dayandırıb.

 

 

 

Previous Post

ELAN!

Next Post

HESABI ÜZƏRİNƏ QOYULAN HƏBS GÖTÜRÜLƏNDƏN SONRA EYNULLA FƏTULLAYEVİN PULU ONA ÖDƏNİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.