HESABI ÜZƏRİNƏ QOYULAN HƏBS GÖTÜRÜLƏNDƏN SONRA EYNULLA FƏTULLAYEVİN PULU ONA ÖDƏNİLƏCƏK

Beynəlxalq Bankın Səbail rayon Şöbəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayevə  Azərbaycan dövlətinin məhbus jurnalistə  ödəyəcəyi təzminatı verə bilməyəcəklərini deyib. Bu barədə bu gün (11 yanvar)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayev məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Bankda ona deyiblər ki, pul  üzərində həbs qoyulmuş hesaba köçürüldüyündən sahibinə  ödənilə bilməz.  Bankın fiziki şəxslərlə iş qrupu bölməsinin əməkdaşı  Sehran Məmmədova RATİ-yə  bildirdi ki, əgər məhkəmə hesabın üzərinə qoyduğu həbsi götürərsə, o zaman sözügedən pul Emin Fətullayevə ödənilə bilər.

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev RATİ-yə açıqlamasında hər hansı vətəndaşın bank hesabında il ərzində əməliyyat aparılmazsa, hesabın bağlandığını bildirdi: “Bütün banklarda tranzit hesabları var və əgər  şəxsin bank hesabı aktiv olmazsa, ora gələn pul tranzit hesabda oturur. Əgər bankdan Emin Fətullayevə hesabın üzərindən həbsin götürüləcəyi təqdirdə pul ödənilə biləcəyini deyilibsə, deməli bu belə də olmalıdır”.

Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Hazırda məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Previous Post

NEMƏT PƏNAHLININ HÜQUQLARININ MÜDAFİƏSİNƏ DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Next Post

AZƏRBAYCANDA DİNDARLARIN KÜTLƏVİ ŞƏKİLDƏ TERROR İTTİHAMI İLƏ HƏBSİ BAŞLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.