MƏTBƏƏ “XURAL” QƏZETİNİ ÇAP ELƏMƏKDƏN İMTİNA EDİB

Oktyabrın 21-də  gündəlik nəşr edilən “Xural” qəzeti çap edilməyib. Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) sözügedən qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Ə.Zeynallının sözlərinə görə, “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib.

 “Texniki avadanlığımız tam müsadirə olunsa da, oktyabrın 20-də həmkarların, dostların ayırdığı noutbuklar hesabına çalışıb növbəti sayı çapa hazırladıq. Ancaq təəssüf ki, 10 ildir ki  çap olunduğumuz “Ekspress” mətbəəsinin rəhbərliyi bizimlə əməkdaşlığı dayandırdığını bəyan etdi”, – deyə bildirən Ə. Zeynallı mətbəənin imtinasının siyasi sifariş olduğunu güman etdiklərini dedi: “Başqa mətbəə axtarmaq məcburiyyətindəyik, niyyətimiz qəzetin çap olunmasına nail olmaqdır”

Qeyd edək  ki,  Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış  5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.  

Xatırladaq ki, oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzeti redaksiyasının əmlakına baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar siyahıya alınaraq, daha sonra müsadirə edilib.  Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər.

“Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, 2011-ci il sentyabrın 20-dən gündəlik dərc olunur.

Previous Post

”AZAD OLMAYAN ÖLKƏDƏ AZAD MUSİQİ” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.