”AZAD OLMAYAN ÖLKƏDƏ AZAD MUSİQİ” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

         Bu gün Media Mərkəzində “Azad olmayan ölkədə azad musiqi” kampaniyası çərçivəsində növbəti dəyirmi masa keçirilib. Kampaniyanın məqsədi “Eurovision-2012” beynəlxalq mahnı yarışması ərəfəsində Azərbaycanda insan hüquqları sahəsində problemlərə diqqət çəkməkdir.

Kampaniyanın təsisçiləri İnsan Hüquqları Klubu, Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Siyasi Azadlıqları Müdafiə Alyansıdır.

Alyansın əlaqələndiricisi Anar Məmmədli qeyd edib ki, hüquq müdafiəçiləri ölkədə “Eurovision” müsabiqəsinin əsas prinsipi və şərti olan demokratik azadlıqların təmin edilməsinə nail olmaq niyyətindədirlər. Belə ki, kampaniyanın prioritetləri siyasi məhbusların azad edilməsi, alternativ fikirlərin televiziya və radioya bərabər çıxışının təmin edilməsi, mülkiyyət hüquqlarına riayət olunması, məhkəmə sistemində islahatlar, müstəqil vəkillərin təqibinə son qoyulması, viza rejiminin sadələşdirilməsidir.

            O, təəssüflə qeyd edib ki, hakimiyyət indiyədək ölkədə azad fikrin, azad mətbuatın və azad sözün reallaşması üçün şərait yaratmayıb. “Biz istərdik ki, Azərbaycanı fundamental insan hüquq və azadlıqlarına hörmət edən ölkə kimi tanısınlar”, -deyə Məmmədli bildirib. Onun sözlərinə görə, kampaniyanın tədbirləri getdikcə intensivləşəcək.

            Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ölkədə hələ də siyasi məhbus probleminə toxunub. Onun sözlərinə görə, artıq siyasi məhbusların yeni siyahısı tərtib olunub. Siyahıya etiraz aksiyaları ilə əlaqədar həbs edilmiş fəallarla yanaşı, bu ay həbs edilmiş İslam Partiyasının lideri Mövsüm Səmədovun və digər Azərbaycan İslam Partiyası fəallarının, habelə Səid Dadaşbəyli başda olmaqla, cəsusluq ittihamı ilə həbs edilmiş gənclərin adları daxil edilib. “Bizim vəzifəmiz beynəlxalq ictimaiyyətə Azərbaycanda insan hüquqlarının gerçək durumu barədə bilgi verməkdir”, deyə Leyla Yunus qeyd edib.

            İnsan Hüquqları Klubunun əlaqələndiricisi Rəsul Cəfərov oktyabr ayından etibarən müsabiqənin təşkili üzrə məsul qurumlardan biri olan İctimai televiziyanın monitorinqinə başlandığını deyib. O həmçinin qeyd edib ki, “Azad olmayan ölkədə azad musiqi” kampaniyasını dəstəkləyənlərin sayı artmaqdadır və bu gün bu təşkilatların sayı artıq 16-ya çatıb. Beynəlxalq qurumlar da kampaniyaya maraq göstərir.

            Daha sonra Leyla Yunus Avropa Yayım İttifaqının iştirakçısı olan hər bir ölkəyə Azərbaycanda mövcud problemlərlə bağlı müraciətlər göndərildiyini deyib. “Biz Azərbaycanda insan hüquqları ilə bağlı yeni veb-sayt üzərində işləyirik”, deyə Leyla Yunus bildirib.

            Hüquq müdafiəçisi İradə Cavadova sahibkarlara və müstəqil vəkillərə təzyiq faktlarına diqqət çəkib. Digər çıxış edənlər də “Eurovision ili”ndə Azərbaycanda yer alan hüququ pozuntularından, vətəndaşların dövlət qurumlarına, məhkəmlərə müraciətlərinin get-gedə çoxalmasından danışıblar. Ölkə telekanalalrının cəmiyyətdə yaşanan problemlərə seyrçı münasibətinə toxunublar.

            İnsan Haqları Uğrunda Hərəkatın rəhbəri Eynulla Fətullayevin fikrincə, həyata keçirilən kampaniya nəticə verməyəcək, çünki xalq musiqi dinləmək istəyir. Çünki insan hüquqlarının pozulması xalqı maraqlandırmır, hakimiyyət isə getdikcə sərtləşir.

            Dəyirmi masaya qatılan İTV təmsilçisi Tahir Məmmədli hesab edir ki, hüquq müdafiəçilərinin mövqeyi düzgün deyil. Belə ki, “Eurovision” siyasi tədbir deyil, sadəcə mahnı yarışmasıdır. O, hüquq müdafiəçilərini “qeyri-peşəkarlıqda” ittiham edərək, bununla telekanalın mövqeyini ifadə etdiyini vurğulayıb.

            Qeyd edək ki, müzakirələr gərgin emosional şəraitdə keçirilib. Hüquq müdafiəçiləri kampaniyanı davam etdirmək və daha genişləndirmək niyyətindədirlər.

 

Previous Post

MÜSADİRƏ EDİLMİŞ MALLARA BAXIŞ KEÇİRİLƏCƏK

Next Post

MƏTBƏƏ “XURAL” QƏZETİNİ ÇAP ELƏMƏKDƏN İMTİNA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.