ANS Televiziyası internet saytlarını məhkəmə verib

ans

Yanvarın 16-da bir çox saytların məhkəməyə verilmələri ilə bağlı məlumatlar yayılıb. Axar.az, Aznews.az, Azvision.az, Interpress.az, presspost.az, demokratiya.info, publika.az saytlarının məhkəməyə verilməsinə səbəb ANS Şirkətlər Qrupunun bir çox işçilərinin ixtisara düşərək işdən çıxarılması və satılması ilə bağlı saytlarda gedən məlumatlar olub.

Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ANS televiziyası tərəfindən məhkəməyə verilməkləri barədə məlumatı mətbuatdan oxuduqlarını və bu barədə ANS televiziyası tərəfindən hər hansı bir məlumatın onlara daxil olmadığı bildirib. “İşdən çıxarılanlarla bağlı məlumatlar təsdiqlənib. ANS-dən çıxarılanlardan Şirvan şəhər üzrə keçmiş müxbiri Nəriman Hüseynov bu faktı təsdiqləyib və onunla birgə çalışan operator Fərid Əliyevin ANS-in mərkəzi ofisinə aparıldığını bildirib. Lakin sonradan bildirilib ki, bölgələrdə ixtisara salınanların ANS-in mərkəzi ofisində işinə davam etdirə bilməsi məqsədə uyğun olmadığı üçün operator da işdən uzaqlaşdırılıb”,-deyə  Zahiroğlu qeyd edib.

Məhkəməyə verilmiş publika.az  saytının baş redaktoru Bəxtiyar Əlirzayevin RATİ-yə verdiyi məlumata görə onlara ANS tərəfindən məhkəmə haqqında heç bir məlumat verilməyib və məhkəməyə verilməklərini haqlı saymadıqlarını  da  baş redaktor sözlərinə  əlavə edib.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev RATİ-yə məhkəməyə verilməkləri barədə onlara bildiriş daxil olmadığını bildirib. “ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevə  və ANS-in digər məsul şəxslərinə dəfələrlə zəng  vursaq  da, onlar zənglərə cavab verməyiblər. Bu məsələdə məhkəmə predmeti olacaq bir şey yoxdur və bu internet mediaya qarşı ədalətli qərar deyil. İxtisarların olması, departamentlərin birləşdirilməsi, ayrılması  adi haldır, ancaq ANS qərarları əsəbi halda verir”,-deyə baş redaktor qeyd edib.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə qeyd edib ki, biz ANS haqqında qeyd edilənlər məlumatları verməmişik və adımızın həmin siyahıda nə üçün olduğunu da bilmirik.

Interpress.az saytının baş redaktoru İlham Sərxanlının verdiyi məlumata əsasən məhkəmə ilə bağlı hələ onlara məlumat verilməyib və bu haqda saytlardan məlumat alıblar.

Presspost.az saytının baş redaktoru Rafiq Şahbazov bildirib ki, ANS –dən çıxarılanlarla bağlı saytımızda Aznews.az saytına istinadən bir xəbər vermişik və bu məsələdə jurnalistika qaydasını pozan hər hansı bir şey olmadığından məhkəməyə verilməyimiz əsassızdır.

Demokratiya.info  saytının baş redaktoru Xəyyam Salmanzadə isə saytlarında ANS-dən çıxarılanlara bağlı məlumatın interpress və aznews saytlarına istinadən verildiyini və  ANS şirkəti tərəfindən məhkəməyə verilmələrini gülünc bir addım kimi qiymətləndirdiyini bildirib.

Məsələ ilə bağlı ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov RATİ-yə bildirib  ki,  işdən çıxarılma məsələləri yalandır və buna görə də həmin saytlar barədə məhkəməyə şikayət verilib. “Bizim şirkətdə hər kəs müqavilə ilə işləyir və müqavilənin müddəti bitdiyi zaman biz əməkdaşlarla vidalaşarıq. Yalnız yaxşı işləyən işçilərlə yenidən müqavilə bağlayırıq”,-deyə Məmmədov qeyd edib.

Previous Post

Jurnalist ev dustaqlığına buraxılmadı

Next Post

Azadlıq qəzeti yenə aksiya edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.