
Yanvarın 17-də Səbail Rayon Məhkəməsində MTN-in istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində jurnalistin vəsatəti təmin edilməyib.
Məhkəmədən sonra jurnalistin vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəsatətlərinin təmin olunmadığı məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər. Vəkil onu da qeyd edib ki, məhkəmədə Pərviz yenə də ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu bildirib. “Hazırda Pərvizin saxlanılması şəraiti dəyişməyib, eyni zamanda onun görməsində problem yaranıb. Ailəsi ilə görüşə yenə də icazə verilmir”,-deyə vəkil əlavə edib.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi Pərviz Həşimli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.
P. Həşimli ittihamları qəbul etmir, hüquq müdafiə və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bəyan edir.