Jurnalistin məhkəməsində ittiham tərəfin şahidləri dindirilib

398327_525389854153700_112437647_n

Martın 13-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə jurnalistin vəkili Bəhruz Bayramov Təvəkkül Qurbanovun avtomobilindən götürülən pullarda olan jurnalistin əl izlərinin olub-olmaması ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatət qaldırıb və hakim vəsatətə növbəti məhkəmədə baxılacağını bildirib.

Vəkil həmçinin götürülən tapançaların Rusiya istehsalı olduğunu  və bu silahlara ciddi nəzarət edildiyini  məhkəmənin diqqətinə çatdıraraq  götürülmüş silahların nömrə nişanları ilə istehsalçı ölkəyə müraciət edilməsi barədə vəsatət qaldırıb.

Məhkəmədə Təvəkkül Qurbanov Pərviz Həşimliyə AXCP Rəyasət Heyətinin üzvü olduğu, belə olan halda məmurlarla, o cümlədən Cavid Qurbanov (Milli Məclisin deputatı, “Azəravtoyol” Dövlət Şirkətinin rəhbəri), Əli Nağıyevlə (Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinin müavini) niyə əlaqələri olduğu barədə sual verib. Pərviz Həşimli isə uzun müddət “Bizim Yol” qəzetinin parlament müxbiri olduğunu, istənilən deputat və  məmurla əlaqələrinin olduğunu diqqətə çatdırıb.

Məhkəmədə ittiham tərəfin şahidləri  Zaur Abdullayev və Osman Rasimov dindirilib və onlar istintaqa verdikləri ifadələrə zidd ifadə veriblər və hətta şahidlərdən biri Zaur Abdullayev ifadə verərkən içkili vəziyyətdə olub.

Qeyd edək ki, məhkəmə martın 18-i saat 10:30-da növbəti şahidlərin dindirilməsi ilə davam edəcək.

Xatırladaq ki,  Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin228.2.2-ci  (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.

Previous Post

Ali Məhkəmənin qərarı diffamasiya islahatı çağırışlarını stimullaşdırır

Next Post

Azərbaycanda iki siyasi fəalın azadlıqdan məhrum olunması Avropa Şurasının etibarına xələl gətirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.