PROKUROR JURNALİSTİ DÖYƏN ŞƏXSƏ 6 AY HƏBS CƏZASI İSTƏYİB

Bu gün (20 avqust) Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə jurnalist Zülfüqar Xeyirxəbərə fiziki xəsarətlər yetirmiş Əziz Əhmədova qarşı Cinayət Məcəlləsinin 221-ci  – xuliqanlıq maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi  keçirildi.

Prosesdə zərərçəkən Zülfüqar Xeyirxəbərin nümayəndəsi Fariz Namazlı, təqsirləndirilən şəxs Əziz Əhmədov və dövlət ittihamçısı Yusif Səməndərov iştirak ediblər.

 

Dövlət ittihamçısı Yusif Səməndərov cavabdeh Əziz Əhmədovun 6 ay müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəmədən xahiş etdi.

 

Zərərçəkənin vəkili Fariz Namazlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşının və bunu təsdiq edə bilən şahid ifadələrinin olduğunu deyərək, iş üzrə sübutların düzgün araşdırılmadığını bildirdi.

 

Daha sonra təqsirləndirilən şəxs Əziz Əhmədov son sözlə çıxış edib.

 

Hakim qərarı  elan etmək üçün son prosesi 23 avqust saat 12:00-a  təyin edib.

 

Xatırladaq ki, 18 fevral 2010-cu il tarixində, həmin vaxt “SalamNews” agentliyində müxbir işləyən Zülfüqar Xeyirxəbər “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən fiziki təzyiqə məruz qalıb. Özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub.  Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı onu itələyə-itələyə ərazidən kənarlaşdırmaq istəyib. Bu zaman orada olan Əziz adlı şəxs ona zərbə endirib.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 20 08 2010

Next Post

VÜQAR SƏFƏRLİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA QƏBUL OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.