VÜQAR SƏFƏRLİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA QƏBUL OLUNDU

Bu gün (20 avqust) Nərimanov rayon məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı mülki iddiası üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə prosesində iddiaçının nümayəndələri – Aydın Kərimov və Rəşad Rəhimov, cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak edirdilər.

 

    “Şərəf və ləyaqətin müdafiəsi” barədə iddia qaldırmış Vüqar Səfərlinin özünün məhkəmə proseslərində iştirakı ilə bağlı Əvəz Zeynallının qaldırdığı vəsatətə iddiaçının nümayəndələri etiraz etsələr də, hakim vəsatətin təmin edildiyini bildirib.    

 

    İclasda çəkiliş aparmağa icazə verməyən hakim işə mahiyyəti üzrə baxılması üçün prosesi 13 sentyabr saat 12.00-a təyin edib.

 

    Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli son sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.

 

    Qeyd edək ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

    Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin 3 aprel tarixli sərəncamı ilə yaradılmışdır. Dövlət başçısının 2009-cu ilin may ayında imzaladığı sərəncamla Vüqar Səfərli Fonda icraçı direktor təyin edilmişdir.

 

Previous Post

PROKUROR JURNALİSTİ DÖYƏN ŞƏXSƏ 6 AY HƏBS CƏZASI İSTƏYİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.