VAŞİNQTONDAKI AZƏRBAYCAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Avqustun 28-də Vaşinqtondakı Azərbaycan səfirliyinin binası önündə Amerika Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatının təşəbbüsü ilə etiraz aksiyası keçirilib. “Amerikanın səsi” radiosunun məlumatına görə, gənc bloqçular Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz əlaməti olaraq keçirilən nümayişdə 40-a yaxın insan iştirak edib. İştirakçılar arasında Riçmond Universitetinin məzunu olmuş Adnan Hacızadənin tələbə yoldaşları, Amerikadakı Azərbaycan icmasının üzvləri və bir çox amerikalı olub.

 Vaşinqton vaxtı ilə saat 16-dan 18-dək davam edən nümayişə Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton təmsilçisi və bəzi mətbuat nümayəndələri qatılıb. Nümayişə Azərbaycanın dövlət himni ilə başlayan etirazçılar "Emin və Adnana Azadlıq!", "Ədalətsiz məhkəmələrə yox!", "Polis Ədalətsizliyinə yox!", "Həbsdə olan jurnalistlərə azadlıq!" kimi şuarlar səsləndirib, Azərbaycan və Amerika bayraqları dalğalandırıblar.
     Daha sonra söz alan Sərhədsiz Rerortyorlar Təşkilatının nümayəndəsi Klotilda Lekoz təmsil etdiyi qurum adından bəyanat oxuyub. Bəyanatda Azərbaycan hökuməti Adnan və Eminlə yanaşı, digər jurnalistlərin də təcili azad edilməsinə çağırılıb. Klotilda Lekoz Amerikanın səsinə bildirib ki, Emin və Adnanın həbsi Azərbaycanda ilk belə hadisə deyil: "Bu, onların həbsinin siyasi motivli olduğunu göstərir". Təşkilatçılardan Elmar Şahtaxtınski isə bu nümayişin başlıca məqsədinin Azərbaycanda söz azadlığının boğulmasına qarşı etiraz bildirmək olduğunu deyib. Piketin sonunda isə Azərbaycan səfirliyinə etirazçıların bəyanatı təqdim olunub.

     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

VAŞİNQTONDA EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBSİ İLƏ BAĞLI ETİRAZ AKSİYASI KEÇİRİLİB

Next Post

ANS ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI YOL QƏZASINA DÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.