Sentyabrın 17-də özünü qaçqın kimi təqdim edən bir qrup şəxs məhkum jurnalist Eynulla Fətullayevin şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında piket keçirib.
Aksiya iştirakçıları Fətullayevi Xocalı faciəsi haqqında böhtanda ittiham edirlər. “Biz Fətullayevin həbsdən azad edilməsinin əleyhinəyik”,- deyə aksiya iştirakçılardan biri bildirib.
Qeyd edək ki, aksiyaya polis müdaxilə etməyib. Bu aksiyanın hökumət tərəfindən təşkil olunmağı da istisna deyil.
Xatırladaq ki, jurnalist apellyasiya şikayətində narkotik saxlamaq ittihamı ilə barəsində 2 il 6 ay müddətinə həbs hökmü çıxarmış Qaradağ rayon Məhkəməsinin 6 iyul tarixli qərarının ləğvini və dərhal azad edilməsini tələb edib.
Habelə Eynulla Fətullayev 2007- ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi onun təqsirsiz olduğu və dərhal azad edilməsi barədə qərar çıxarıb. Azərbaycan hakimiyyəti bu qərarı icra etməkdən imtina edir.