ADNAN HACIZADƏNİN MƏHKƏMƏSİNDƏ İŞTİRAKI TƏMİN EDİLƏCƏK

sentyabr 17th, 2010
Bu gün (17 senytabr ) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə blogger Adnan Hacızadənin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı 26 iyul tarixli qərardan verdiyi apellyasiya  şikayətinə  baxıldı.

Prosesə sədrlik edən hakim bildirdi ki, Adnan Hacızadə bizə ərizə yazaraq məhkəmə baxışında iştirak etmək istədiyini bildirib.

Dövlət ittihamçısı Adnan Hacızadənin məhkəməyə gətirilməsinə etiraz etmədi.

Adnan Hacızadənin  vəkili İsaxan Aşurov isə bloggerin məhkəməyə  gətirilməsinin vacib olduğunu bildirdi və  hakimdən xahiş etdi ki, müvəqqəti olaraq Adnan Hacızadə Bakı İstintaq təcridxanasına köçürülsün.

 Məhkəmə yerindəcə müşavirə edərək Adnan Hacızadənin məhkəmə prosesində iştirakının  təmin edilməsi və onun müvəqqəti olaraq Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verdi.

Proses 01 oktyabr saat 15:00- a təyin edildi.

Qeyd edək ki, Adnan Hacızadə cəzasının yarısının çəkilməsi ilə əlaqədar vaxtından əvvəl azad olunması ilə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmiş və  onun iddiası təmin olunmamışdı.

 
Xatırladaq ki, Adnan Hacızadə və digər blogger Emin Milli və 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.