ANAR MƏMMƏDOVUN QƏZETLƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

          Dekabrın 10-da “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin bir qrup əməkdaşı, habelə “Dalğa” Gənclər Hərəkatının fəalları Yasamal rayon məhkəməsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

  Aksiyaçılar  nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı çəkilən qəzetlərə qarşı iddiası ilə bağlı etirazlarını bildiriblər.

     Aksiya iştirakçıları “Ayı üçün 1 milyon manat, təqaüdçülərə isə 100 manat!”, “Ayılardan və mətbuatdan əl çəkin!”, “Bizdən ayı ətindən kabab üçün pul tələb etməyin!” şüarları səsləndiriblər.

            Aksiya 10 dəqiqəyə yaxın davam edib və aksiya iştirakçısı “Yeni Müsavat” qəzetinin müxbirləri  Elmin Bədəlov,  Samir Kazımlı və Emil Salamoğlu saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27- ci polis bölməsinə aparılıb. Aksiyaçılar bölmədə 1 saat saxlanıldıqdan sonra şifahi xəbərdarlıq edilməklə sərbəst buraxılıblar.

            Qeyd edək ki, bu gün  nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Azadlıq” və  “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilməli idi.   Lakin prosesə sədrlik edən hakim Elçin Qurbanov ezamiyyətdə olduğundan proses qeyri- müəyyən vaxta təxirə salındı.

                Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edir.

            Qeyd edək ki, “Kəmaləddin Heydərovun ayısını yedilər” məqalələrdə iş adamı Anar Məmmədovun  Qəbələ rayonunda yerləşən istirahət mərkəzlərinin birində saxlanılan ayını bir milyon manat qarşılığında kəsdirərək yeməsindən söz açılır, digər məqalədə isə Anar Məmmədovun dostları ilə Dubaydan ictimai qaydaları pozmasına görə qovulduğu bildirilir.

 

 

Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,687/lang,az/

 

 

Previous Post

DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏDƏ QARŞI CİNAYƏT İŞİNİN AÇILMASINDAN İMTİNA EDİLDİ

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 10 DEKABR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.