“SEÇİLƏN” FİLMİ İLƏ BAĞLI İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLİB

Bu gün (04 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində (RATİ) "Azad Söz İnqilabçıları" (ASİ) Klubunun təşəbbüsü ilə “ANS” Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin müəllifi olduğu "Seçilən" filminə baxış keçirilib və film ətrafında ictimai müzakirələr aparılıb.

ASİ klubunun həmtəsisçisi Pərviz Cəbrayıl  çıxışında bildirib ki,  məqsədləri filmi “yıxıb sürümək“ yox, filmə sırf media baxışını təşkil etməkdir: “Hətta filmə baxanda, adamda belə bir təsəvvür yaranır ki, Azərbaycanın  peşəkar polisi,  sərhəd xidməti,  hərbçiləri yoxdur. Hətta prezidentin şəxsi mühafizəsi də sadəcə qara eynək və qulaqcıq taxmış qara kostyum geyinərək bəzək üçün dayanıb ora-bura baxan oğlanlardan ibarətdir”.
ASİ klubunun digər təsisçisi Eldəniz Elgün isə adətən bu janrda olan filmlərdə siyasi baxışlara görə tərəf tutmağın düzgün olmadığını, lakin konkret olaraq “Seçilən” filmində iqtidarla bağlı tərəfkeşliyin açıq aydın göründüyünü bildirib. Habelə o, filmdə jurnalistin satqın obrazda təsəvvür olunmasını da ciddi  narahatçılıq doğuran bir amil hesab etdi.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı filmin təbliğat xarakterli olduğunu söyləyib: ” Seçilən filmi vasitəsi ilə Azərbaycanda daxili qruplaşmalar nümayiş olunub. Belə filmlər Azərbaycan cəmiyyəti üçün zərərlidir və bu film 93 dəqiqəlik təbliğat çarxıdır”.
Tədbirdə iştirak edən digər jurnalistlər, ictimai-siyasi xadimlər, də “Seçilən” filminin birtərəfli məlumatlar əsasında çəkildiyini və bu filmdə insanları çaşdıra biləcək proseslərin nümayiş olunduğunu qeyd etdilər.
Qeyd edək ki,  “ANS” Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin müəllifliyi ilə çəkilən filmdə Ermənistan rəhbərliyinin Azərbaycan Respublikası prezidenti İlham Əliyevə qarşı sui-qəsd təşkil etmə cəhdindən və bu terror aktına müxalifətçi alimin, habelə ermənilərin maliyyəsi ilə fəaliyyət göstərən “Azəri səsi” qəzetinin baş redaktoru Beydulla Fətullayevin yaxından kömək etməsindən söz açılır.
 
Previous Post

“SƏRHƏDSİZ REPORTYORLAR” NAXÇIVANDAKI HADİSƏLƏRLƏ BAĞLI MÜRACİƏT İMZALAYIB

Next Post

QƏNİMƏT ZAHİDLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.