Dövlət ittihamçısı jurnalist Araz Quliyevə 9 il cəza verilməsini istədi

araz quliyev

Aprelin 4-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi iləxeber44.com saytının rəhbəri jurnalist Araz Quliyevin və digərlərinin işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə vəkillər  çıxış edib və təqsirləndirilən şəxs son söz deyib.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Fariz Namazlı bildirib.

Fariz Namazlı bildirdi ki, məhkəmədə çıxış edən dövlət ittihamçısı Zöhrab Əliyev jurnalistin irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilməsini istədi.

“Məhkəmədə etdiyim çıxışda jurnalistə qarşı irəli sürülmüş ittihamın sübut olunmadığını, şahid ifadələrinin ziddiyyətli olduğunu bildirdim və məhkəmədən jurnalistə bəraət verilməsini xahiş etdim. Jurnalist Araz Quliyev isə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini, bu həbsinin yazdığı tənqidi yazılara görə  siyasi sifariş əsasında olduğunu məhkəməyə bildirdi”,-deyə vəkil qeyd etdi.

F. Namazlı onu da əlavə etdi ki, məhkəmə aprelin 5-də  hökm elan edəcək.

Xatırladaq ki, Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. Dekabrın 11-də isə jurnalistə qarşı  Cinayət Məcəlləsinin (CM)  228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb. Araz Quliyev bu ittihamlarla razı olmadığını bildirib, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə izah edib.

Previous Post

Azadlıq qəzetinin əməkdaşı Daxili İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb

Next Post

MTRŞ müsabiqə nəticələrini açıqlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.