Bu gün (09 noyabr) İnsan Hüquqları Evində “Azadlıq” radiosunun Naxçıvan üzrə müxbiri Məlahət Nəsibovaya 2009-cu ilin İnsan Hüquqları üzrə Rafto mükafatının təqdimetmə mərasimi olub.
Məlahət Nəsibova bildirdi ki, 2009-cu ilin İnsan Hüquqları üzrə Rafto mükafatının almaqdan böyük qürur duyur. “Mükafatın təqdimetmə mərasimi Norveçin Bergen şəhərindəki Milli Teatrda baş tutdu. Mən bu mükafatı bütün Azərbaycan adından aldığımı düşünürəm” – deyən M.Nəsibova bildirdi ki, mərasimdə Azərbaycanda söz azadlığının vəziyyətindən danışıb və ölkədə azad fikirli jurnalistlərin təqib olunduğunun, həbs edildiyini deyib.
Tədbirdə çıxış edən İnsan Hüquqları Evinin əməkdaşı Rəqsanə Məmmədova, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus, İnsan Haqları Evinin koordnatoru Vüqar Qocayev, Media Hüquqları Mərkəzinin sədri Mətanət Müslümqızı çıxış edərək, M.Nəsibovanı təbrik etdilər.
Tədbirdə həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, Britaniya səfirliyinin və Norveç səfirliyini əməkdaşları və bəstəkar Firudin Allahverdi də iştirak edirdilər.
Qeyd edək ki, Məlahət Nəsibova Azad Avropa/Azadlıq radiosunun və “Turan” informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.