MƏRUZƏÇİLƏR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIRLAR

Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Andreas Herkel Avstriyanın «Der Standart» qəzetinə müsahibəsində bildirib ki, neft və qaz biznesi ancaq Azərbaycanda dövlət hakimiyyətini gücləndirib. Herkel bildirib ki, gənc bloqçular – Adnan Hacızadə və Emin Millinin (Abdullayev) həbsi kimi son hadisələr isə bu güclənmənin siyasi azadlıqlar hesabına baş verdiyini deməyə əsas verir: “Azərbaycanda KİV-lərin üzləşdikləri çətinliklər təzə bir şey deyil. Avropa Şurasında Azərbaycan üzrə məruzəçi kimi deməliyəm ki, beş il bundan əvvəl ölkə daha azad idi. Belə bir hadisə Azərbaycan jurnalistinin başına gələ biləcək tipik bir haldır” – deyən Herkel “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin də eyni ssenari ilə – “xuliqan”lıqda ittiham olunaraq həbs olunduğunu vurğulayıb. 

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçi Kristof Ştresser də gənc fəalların həbsinə kəskin etiraz edən bəyanat verib. Gənclərin hər ikisinin Azərbaycanda mülki cəmiyyətin fəal üzvləri və öz internet bloqlarında Azərbaycanda siyasi vəziyyətə dair öz tənqidi münasibətlərini bildirən gənclər olduğunu qeyd edən Ştresser onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalı olduqlarını vurğulayıb.
Ştresserin bəyanatda Azərbaycanda söz azadlığı ilə bağlı ümumi şəraitə də toxunulub: “Emin Milli və Adnan Hacızadə kimi iki tanınmış və xaricdə də geniş şəbəkəyə malik olan tənqidçiləri həbs etməklə hökumət özünə ancaq ziyan vurub. Onların taleyi ictimaiyyətin diqqətini təkcə prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi sistemə deyil, həm də və xüsusilə şübhə doğuran xuliqanlıq və böhtan ittihamları ilə mühakimə edilmiş jurnalistlərə yönəltmiş oldu”.

Qeyd edək ki, hər iki xəbəri  “Azadlıq” radiosu yayıb.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

İKİ HÜQUQ MÜDAFİƏÇİSİ BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.