OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Ombudsman Aparatının əməkdaşları İnsan Hüquqları üzrə  Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Bakı İstintaq Təcridxanasında saxlanılan “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli (Abdullayev) və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə ilə görüşüblər. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

     Söhbət zamanı gənclər saxlanılma şəraitindən şikayətlərinin olmadığını, onlara qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani rəftara və ya zorakılığa yol verilmədiyini, lazımi qida təminatı və tibbi yardımın göstərildiyini bildirsələr də, barələrində məhkəmənin çıxardığı həbs qətimkan tədbirindən narazı olduqlarını vurğulayıblar. Onlar həmçinin valideynləri ilə görüş üçün səlahiyyətləri çərçivəsində şəraitin yaradılmasını Ombudsmandan xahiş ediblər.
     Gənclərə  bildirilib ki, Müvəkkil Elmira Süleymanova onların barəsində  başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsi ilə bağlı Daxili İşlər nazirinə və Baş Prokurora müraciət edib.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.
Previous Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORU 500 MANAT CƏRİMƏ OLUNUB

Next Post

MƏRUZƏÇİLƏR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.