MUXTAR RESPUBLİKADAKI DURUMLA BAĞLI HESABAT AÇIQLANIB

   Naxçıvan Muxtar Respublikasında insan hüquqları  və azadlıqlarının tapdalanması davam edir. Bu barədə mayın 25-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində bu qurumun  2010-cu ilin sentyabrdan Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan hüquqları və kütləvi informasiya vasitələrinin monitorinqi” layihəsi çərçivəsində hazırlanan növbəti hesabatının təqdimatı zamanı bildirilib.

RATİ-nin bölgədəki  əməkdaşı  Elman Abbasov bildirib ki, Muxtar Respublikada son vaxtlar polis əməkdaşlarının rüşvət ödəməkdən imtina edən vətəndaşlara fiziki təzyiq göstərməsi faktları yayılıb.

    “Belə ki, bu ilin fevralında yol polisi əməkdaşlarına rüşvət verməkdən imtina edən və bundan şikayət etməyə “cürət edən” Nadir Məmmədov Daxili İşlər Nazirliyi binasında nazir Əhməd Əhmədov tərəfindən işgəncələrə məruz qalıb. Nazir onun barmaqları kəlbətinlə sıxılıb. Rüşvət verməkdən imtina edən Vilayət Əsədovun isə polisdə ayağı sındırılıb. Ondan pul tələb edilməsinə səbəb isə Naxçıvanda 4 yeşik araq alaraq, Şərura öz qardaşına göndərmək  istəməsi olub”, – deyə Elman Abbasov qeyd etdi.

    RATİ-nin Bakı ofisinin əməkdaşı İdrak Abbasov vətəndaşların heç bir qanuni əsas olmadan uzun müddət – bir neçə gün polisdə saxlanılması faktlarına diqqət çəkib. Habelə o, Muxtar Respublikada  digər problem müxtəlif müəssisələrin işçilərinin şənbə və bazar iməcilikləri adı altında abadlıq işlərində iştiraka məcbur edilməsi ilə istismara məruz qoyulduğunu qeyd etdi. Bundan başqa o,     Muxtar Respublikada hər cür siyasi fəaliyyət məhdudlaşdırıldığını, jurnalistlər və hüquq müdafiəçiləri daim hədə-qorxulara məruz qaldığını dedi.

    RATİ-nin bölgədəki  digər əməkdaşı Həkimeldostu Mehdiyev isə Sədərək rayonunun eyni adlı  kəndinin sakinlərinin mülkiyyət hüquqlarının pozulmasından danışıb. Belə ki, bu kənddə torpaq sahələri eyniadlı rayonun icra başçısı Abbasqulu Abbasov tərəfindən mənimsənib və şəkər çuğunduru və taxıl əkilib.

    Mehdiyevin fikrincə, Babək rayonunun Nehrəm kəndində də sosial gərginlik artır. Burada rayon icra başçısının göstərişi ilə AXCP rayon təşkilatının rəhbəri səlahiyyətlərini icra edən Yaşar Bağırsoy və onun qohumlarının kənd təsərrüfatı yerlərinin sulanması üçün su verilməsi dayandırılıb. Nəticədə bu sahələrdəki məhsul məhv olma təhlükəsi qarşısında qalıb.

    RATİ-nin digər əməkdaşı Rəsul Cəfərov isə Muxtar Respublikada fəaliyyət göstərən Naxçıvan Dövlər Televiziyası və “Kanal-35” televiziya  kanallarının, habelə dövlət radiosu olan “Naxçıvanın səsi” və Ali Məclisin orqanı olan “Şərq qapısı” qəzetinin monitorinqinin aparıldığını və montorinq zamanı bu media orqanlarında yalnız hökumət nümayəndələrinin pozetiv təqdimatının əks olunduğunu, müxalifətə isə ümumiyyətlə yer ayrılmadığını bildirib. Habelə o, Muxtar Respublika Ombudsmanını insan hüquqlarını pozmaqda və ona daxil olan şikayətləri araşdırmamaqda ittiham edib.

            RATİ sədri Emin Hüseynov isə həyata keçirilən layihə çərçivəsində yerli və xarici jurnalistlərin Naxçıvan Muxtar Respublikasına səfərlərinin  maliyyələşdirilməsinin də nəzərdə tutulduğunu, artıq bu imkandan faydalanan jurnalistlərin olduğunu bir daha elan edib.

 

Previous Post

ALİ MƏHKƏMƏ DƏ RADİO LİSENZİYASI İLƏ BAĞLI VERİLƏN ŞİKAYƏTİ TƏMİN ETMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.