DÖVLƏT QURUMLARININ SAYTLARININ İNFORMASİYA AÇIQLIĞI İLƏ BAĞLI HESABAT TƏQDİM OLUNUB

Bu gün (13 may) İnformasiya Azadlığının İnkişafı Koalisiyası tərəfindən “Dövlət qurumlarının rəsmi internet resurslarının Monitorinqinin yekunları” ilə bağlı Hesabatın təqdimatı keçirilib.

“Biz bu monitorinqlərə 2006-cı ildən başlamışıq, indi təqdim etdiyimiz hesabat 2007-ci ilin noyabrından 2008-ci il  mayın 1-ə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində 50 dövlət orqanının internet resursunun monitorinqi aparılıb” – deyə Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz tədbiri açıq elan etdi. Osman Gündüzün sözlərinə görə, saytların informasiya təminatını araşdırmaq üçün aşağıdakı kriteriyalar əsas götürülüb: informasiyanın saytda mövcud olub-olmaması, aktuallıq, dolğunluq, əldə olunma vəziyyəti. Tədbirdə informasiya açıqlığı üzrə dövlət orqanlarının reytinq cədvəli təqdim edildi və bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı yoxdur.
Hesabata əsasən, aşağıdakı informasiyalar dövlət qurumlarının rəsmi saytlarında bir qayda olaraq açıqlanmır: tenderlər, dövlət satınalmaları haqqında məlumatlar; büdcə və onun icrası barədə məlumatlar; xidmətlər, tələb olunan sənədlər, formalar; boş iş yerləri, namizədlərə verilən tələblər, müsabiqə qaydaları; xidmətlər, onların qiymətləri və tariflərin formalaşması; rəhbər işçilərin qəbul saatları, qəbul qaydaları. Monitorinqi aparılan dövlət qurumlarının yalnız birinin – Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında qurumun əməkdaşlarının əmək haqları və ştat barədə məlumat verilir. Digər əsas problem kimi İnformasiya Məsələləri üzrə Müvəkkil İnstitutunun hələ də yaradılmaması qeyd olunub.
Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri saytlarda informasiya açıqlığı ilə bağlı olan məsələlərin aradan qaldırılması istiqamətində işin aparıldığını vurğuladılar.

Previous Post

BAŞ PROKURORLUQ AQİL XƏLİL BARƏDƏ MƏLUMAT ALMAQ ÜÇÜN MƏTBUAT ŞURASINA MÜRACİƏT EDİB

Next Post

RASƏT PİRİSOYU HƏDƏLƏNDİYİNİ HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.