BAKIDA İRAN TELEVİZİYASININ MÜXBİRİ NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLDİ

Fevralın 17-də İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı həbs olunub. Bu barədə bu gün (20 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin qardaşı Eldar Bayramlı məlumat verib.

E. Bayramlının sözlərinə görə, fevralın 17-də axşam saatlarında  5 nəfər polis əməkdaşı heç bir sənəd təqdim etməyərək evə gəliblər və  jurnalisti Binəqədi rayon Polis İdarəsinə aparıblar. Daha sonra polis idarəsi ilə əlaqə saxlayan ailə üzvlərinə jurnalistin üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib.

Anar Bayramlının hüquqlarını müdafiə edən vəkil Anar Qasımov bu gün  RATİ-yə Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Emin Muxtarovla görüşdüyünü dedi:

“Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. A. Bayramlının özü ilə hələ  görüşə bilməmişəm, o hal-hazırda Kürdəxanı təcridxanasındadır, sabah onunla görüşəcəyəm” –deyə vəkil bildirdi.

Qeyd edək ki, həmin günü  Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da  saxlanılıb. Deyerler.org  saytının məlumatına görə, saxlanmanın səbəbləri barədə məlumat yoxdur. Telekanal nümayəndəliyindən baş verənlərdən təəccübləndiklərini bildiriblər və saxlanmanın səbəbləri barədə məlumatın olmadığını deyiblər.

 

Previous Post

XALQ JURNALİSTİ OLMAQ ŞANSI

Next Post

XALQ JURNALİSTİ OLMAQ ŞANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.