“SƏRHƏDSİZ REPORTYORLAR” TƏŞKİLATI NAXÇIVAN HAKİMİYYƏTİNİ PİSLƏYİB

“Sərhədsiz Reportyorlar” mətbuatın müdafiə təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  bölgə müxbiri Həkimeldostu Mehdiyevin hüquqlarını pozduğuna görə Naxçıvan hakimiyyətini pisləyən bəyanaty yayıb.

“Son bir həftə ərzində o, hakimiyyətin ciddi təzyiqinə məruz qalıb ki, bu da Naxçıvanda vətəndaşların və jurnalistlərin hüquq və azadlıqlarının pozulmasının növbəti təzahürü olub. Hakimiyyət bu təqiblərə, habelə yerli hakimiyyət Mehdiyevin evinin yaxınlığındakı obyektini sökərkən onu dəstəkləmək üçün gələn həmkarlarına qarşı təzyiqlərə son qoymalıdır. Təəssüf ki, Naxçıvanda jurnalistlərə təzyiq və onların təqib olunması təcrübəsi hakimiyyətin sevimli metodudur", – deyə bəyanatda bildirilir.

H.Mehdiyev özü hesab edir ki, o, Naxçıvanda səfərdə olan alman jurnalist Mixael Lüdviqi müşayiət etdikdən sonra hakimiyyət onu təqib etməyi qərara alıb. Lüdviqin Azərbaycan XİN-də akkreditasiya keçməsinə baxmayaraq, yerli hakimiyyət onun işinə mane olub. Lakin Mehdiyev alman jurnalistin işini qismən həyata keçirməsinə kömək edib.

Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun  Cəlil  kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt   Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.

Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.

 

Previous Post

MƏTBUAT ŞURASININ SƏDRİ ƏFLATUN AMAŞOV İLƏ MÜSAHİBƏ

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU YARIMİLLİK HESABATINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.