Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət ağır olaraq qalır. Bu barədə Media Hüquqları İnstitutunun (MHİ) bu ilin birinci yarısına dair hesabatında bildirilir.
Rəşid Hacılı onu da qeyd etdi ki, MHİ-nin uzun illər bu istiqamətdə apardığı monitorinqlərə görə, ölkədə jurnalistlərin hüquqi durumu, peşə fəaliyyəti ,söz azadlığı ilə bağlı vəziyyət gərgin olaraq qalır.
MHİ-nin əməkdaşı Xalid Ağaliyev bildirib ki, hesabatda ifadə azadlığı hüququnun qanunvericilik çərçivəsi, məhkəmə işləri, jurnalistlərə fiziki, psixoloji basqılar, bilgi azadlığı, İnternetdən ifadə azadlığı və teleradio düzənlənməsi haqqında analizlər yer alıb.
Onun sözlərinə görə, ötən yarım ilin ən böyük olayı həbsdə olan jurnalist Eynulla Fətullayevin azadlığa çıxmasıdır.
“Həbsdə jurnalist yoxdur. Buna baxmayaraq, gənclərə qarşı siyasi həbslər başlanılıb”, deyə Ağaliyev vurğulayıb.
O qeyd edib ki, hesabatda “Monitorinq” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması ilə bağlı məsələ yer alıb və eyni zamanda Sosial şəbəkələrdə daha çox fəallığı ilə seçilən AXCP üzvü Cabbar Savalanlı, gənc fəal Bəxtiyar Hacıyevin barəsində hökmlər isə məhkəmə işləri bölümündə yer alıb.
“Ümumilikdə məhkəmə işləri bölümünə əsasən ifadə azadlığı ilə bağlı 27 məhkəmə davası davam edib. Həmin məhkəmə işlərindən 11-i son yarım ildə açılıb. Sözügedən məhkəmə işlərində jurnalistlərə qarşı iddia və şikayətlərin əksəriyyətini “ictimai füqur” statuslu şəxslər qaldırıb. Məhkəmə bölümündə təzminat işlərinə gəlincə, yazılara görə məhkəməyə çəkilən jurnalistlərdən 630 min AZN-dən artıq təzminat istənilib, 6 jurnalistə cinayət cəzası verilməsi tələb olunub. Ən çox təzminat verilməsi “Xural” qəzetinin payına düşür.”, – deyə MHİ əməkdaşı əlavə edib.
X.Ağaliyev jurnalistlərə fiziki, psixoloji təzyiqlərin davam etdiyini bildirib. Belə ki, 50-dən çox jurnalist basqıya məruz qalıb. Bu basqılar arasında ən qalmaqallı olanı Azərbaycana gələn 6 əcnəbi jurnalistin fiziki təzyiqlə üzləşməsidir.
Jurnalistlər əsasən kütləvi aksiyalardan, açıq toplantılardan məlumat alarkən təzyiqə məruz qalıblar. 3 isveçli və 1 alman jurnalist Azərbaycandan qanunsuz deportasiya edilib, iki əcnəbi jurnalist döyülüb. Onların işi barəsində cinayət işi açılıb.
Bilgi azadlığı bölümü barədə məlumat verən MHİ-nin əməkdaşı bildirib ki, bu sahədə də vəziyyət ürəkaçan deyil. Belə ki, bilgi sorğuları əsasən Milli Məclisə, məhkəmələrə, icra hakimiyyətlərinə, BŞİH, nazirliklərə, banklara göndərilib. Bilgi sahibləri 147 sorğunun 56-na cavab veriblər.
Yarım ildə İnternet azadlığı sahəsində geniş tendensiya olmayıb. Bölgələrdə İnternetin surəti və servis səviyyəsi aşağıdır. Mətbu nəşrlər üçün keçərli olan hüquq və azadlıqlar, məhdudiyyətlər İnternetdə də eyni qaydada tətbiq edilir.
Ölkə əhalisinin bilgilərə əsas çatım vasitəsi televiziya və radiodur. Ancaq milli teleradiolar bu tələbatı ödəmək gücündə deyil. Belə ki, MTRŞ-nın boş tezliklər barədə keçirdiyi müsabiqə çoxlu qanun pozuntuları ilə müşayiət olunub.
Onu da qeyd edək ki, Hesabatda ifadə azadlığı ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr əksini tapıb.