“SƏRHƏDSİZ REPORTYORLAR” EYNULLA FƏTULLAYEVƏ QARŞI İTTİHAMLARIN SAXTA OLDUĞUNU BİLDİRİB

“Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycan məhkəmə sistemini “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi sonradan həbsdə saxlamaq məqsədilə təqib etməkdə ittiham edib.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, hakimiyyət Eynulla Fətullayevin azad edilməsindən qaçmaq üçün işi saxtalaşdırıb. Təşkilat həmçinin Azərbaycan hakimiyyətini həbsdəki yeganə jurnalist olan Eynulla Fətullayevi dərhal azad etməyə çağırıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

BLOGGERLƏRIN MƏSƏLƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.