BLOGGERLƏRIN MƏSƏLƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu dünən (14 aprel) keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin məsələsini hökumət nümayəndələri ilə görüşlərində müzakirə edib.

Dünən Almaniya Bundestaqının Yaşıllar Partiyasından olan deputatı, hazırda Azərbaycanda səfərdə olan Viola von Kramon Salyan rayonunun Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində gənc bloqçu Emin Milli (Abdullayev)  ilə görüşüb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Alman millət vəkili Viola von Kramon bildirib  ki, Emin Milli saxlandığı şəraitdən şikayət etmir, yumor hissi yüksəkdir. Kramon həmçinin həbsxananın təmiz olduğunu da  qeyd edib.
Dünən vəkil İsaxan Aşurov da 14 saylı cəzaçəkmə müəssisəsində Adnan Hacızadə ilə görüşüb. O,  “Yeni Müsavat”a bildirib ki, Adnan Hacızadə hələ karantində olduğu üçün yataqxanaya köçürülməyib. Vəkil vurğulayıb ki, A.Hacızadə saxlanma şəraitindən şikayət etməyib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.
 
Previous Post

QHT-LƏR VƏ KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ SAHƏSİNDƏKİ QEYRİ-ŞƏFFAFLIĞA DAİR İŞÇİ QRUPUNUN TOPLANTI

Next Post

“SƏRHƏDSİZ REPORTYORLAR” EYNULLA FƏTULLAYEVƏ QARŞI İTTİHAMLARIN SAXTA OLDUĞUNU BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.