Beynəlxalq hüquq müdafiə təşkilatı “Sərhədsiz reportyorlar” oktyabrın 20-də dünyada mətbuat azadlığının reytinqi ilə bağlı hesabat yayıb. Sayca 9-cu olan hesabatda Azərbaycan Respublikası ötən ildə olduğundan 6 bənd aşağı düşərək 152-ci yeri tutub.
Məlumatda bildirilir ki, buna səbəb jurnalistlərin təqib olunaraq hüquqlarının pozulmasıdır. Hesabatda həmçinin hakimiyyətin Eynulla Fətullayevin dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarını yerinə yetirməkdən imtina etməsi, bloggerlər Emin Milli ( Abdullayev) və Adnan Hacızadənin azad olunması barədə tələblərə məhəl qoyulmaması da öz əksini tapıb.
Təşkilatın baş katibi Jan Fransua Juyanın şərhində deyilir ki, bu il Avropa İttifaqı zonasında vəziyyət pisləşib. Finlandiya, İslandiya, Norveç, İsveç və İsveçrə isə ən azad ölkələr kimi tanınıb. Bu il Gürcüstan 99-cu, Ermənistan 101-ci yeri tutub və bu da Azərbaycanla bu ölkələrin arasında böyük fərqin olduğunu göstərir. Pakistan, Efiopiya, Əfqanıstan kimi geri qalmış ölkələr də Azərbaycandan irəlidədir. Azad olmayan ölkələr sırasında əvvəlki kimi İran, Türkmənistan, Şimali Koreya və Eritreya var. Hesabatla aşağıdakı linkdən tanış ola bilərsiniz.