Avqustun 30-da Ombudsman Aparatı nümayəndələri Bakı İstintaq Təcridxanasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə “Media forum” xəbər saytı məlumat yayıb.
Qeyd edək ki, dünən QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də baş redaktorla görüşüb. Ə. Nuriyevin RATİ-yə verdiyi məlumata görə, Ə.Zeynallının mətbuatda ombudsmana müraciətindən sonra orada həm də ATƏT-i təmsil edib: “Biz Ə.Zeynallının səhhətində yaranmış problemlərlə bağlı söhbət apardıq. Əgər baş redaktor istəyərsə şəxsi həkiminə də öz vəsaiti hesabına müraciət edə bilər. Lakin bunun üçün müəyyən hüquqi prosedurlar keçirilməlidir. Ə. Zeynallının Ədliyyə nazirliyinə, Pentensiar Xidmət İdarəsinə, Ombudsmana ünvanladığı məktubların çatdırılmaması məsələsinə gəlincə, bu məsələ də öz həllini tapıb və artıq məktublar ünvanına çatdırılıb”.
Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.