Prezident seçkiləri yaxınlaşdıqca medianın repressiyası daha da güclənir

Bəyanat

Azərbaycanda baş verən son jurnalist həbsləri və qəzet baş redaktoruna qarşı irəli sürülmüş ittiham ölkədə insan hüquqlarının kritik duruma çatdığına daha bir sübutdur, deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) xəbərdarlıq edir.

Ötən Cümə öz fəaliyyətinə görə getdikcə daha çox təzyiqlə üzləşən Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovaya dəstək məqsədi ilə keçirilmiş dinc aksiyanı işıqlandıran zaman iyirmi bir jurnalist saxlanmış, onların mobil telefonları və kameraları müsadirə olunmuş və çəkilmiş kadrlar silinmişdi. Saxlanılan jurnalistlər polis idarəsinə aparılmış və elə həmin gün sərbəst buraxılmışdı.

 

“Polisin ictimai hadisələri işıqlandıraraq öz vəzifə borcunu yerinə yetirən jurnalistlərə təzyiq göstərərək onları saxlaması narahat edicidir” ,- deyə RATİ sədri Emin Hüseynov bildirib. “Jurnalistlərin qanunun pozmadığı və polisin işinə müdaxilə etmədiyi müddətdə nümayiş və mitinqləri işıqlandırmalarına şərait yaradılmalıdır” ,-deyə Hüseynov vurğulayıb.

Jurnalistlərin saxlanması faktı  “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin tutulması və silahlı xuliqanlıqda ittiham olunaraq barəsində iki ay həbs-qətimkan tədbirinin seçilməsindən cəmi bir neçə gün sonra baş verib. RATİ Əlibəylinin həbsini qınayaraq, ona qarşı irəli sürülmüş ittihamları siyasi motivli hesab edir.

“Çox güman ki, Əlibəylinin həbsinə onun hökuməti kəskin tənqid etməsi səbəb olub”,- deyə Emin Hüseynov bildirib. “Biz nəinki onun dərhal azad olunmasını tələb edir, həmçinin ona qarşı irəli sürülmüş gülünc ittihamın geri götürülməsini tələb edirik” -deyə o, vurğulayıb.

RATİ bildirir ki, bu repressiyada oktyabr seçkiləri ərəfəsində tənqidi səsləri boğmaq məqsədi hiss olunur.

RATİ hökuməti Azərbaycanın insan haqları sahəsindəki qoşulduğu beynəlxalq qanunlar və müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə zidd olan repressiv tədbirlərdən əl çəkməyə, Azərbaycan vətəndaşlarının fikir və ifadə azadlığını qorumağa və onlara hörmət etməyə çağırır.

Previous Post

Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiası məhkəmə baxışına təyin olunub

Next Post

Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.