NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI KEÇİRİLƏN EKSPERTİZANIN NƏTİCƏLƏRİ AÇIQLANDI

“Tolişi Sədo” qəzetinin baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, Novruzəli Məmmədovun ölümü ilə bağlı aparılan araşdırmalar başa çatıb.


Bu barədə APA-ya Nizami rayon prokurorunun köməkçisi Nəsir Fərzliyev məlumat verib.

     Prokuror köməkçisinin sözlərinə görə, N. Məmmədovun xəstəlikdən dünyasını dəyişdiyi dəqiqləşib: “Ölüm hadisəsi tərəfimizdən obyektiv araşdırılıb. Hadisəni araşdıran istintaq qrupunun gəldiyi qənaətə görə, Novruzəli Məmmədovun baş beynin işemik infarktından dünyasını dəyişib. Məhz buna görə də ölüm hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilib”.
     Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində bildirdi ki, ona hələ ekspertizanın yekunlaşması barədə rəsmi qaydada heç bir məlumat verilməyib: “Birinci ekspertiza sentyabrın 20-də başa çatıb, amma ekspertizanın guya  şəffaf olduğunu nümayiş etdirmək üçün ikinci dəfə ekspertiza təyin olunub. Görünür ki, elə hər iki ekspertiza qeyri-şəffaf olub”.
     Baş redaktorun vəkili keçirilmiş ekspertiza ilə bağlı sənədləri əldə etməyə çalışacağını və ölümü ilə bağlı məsuliyyət daşıyan şəxslərin cəzalandırılması üçün qanuna uyğun mübarizəni davam edəcəyini dedi.
     Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə  Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
 
Previous Post

AZAD DALĞALAR LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İLK DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.