2010-cu il, oktyabrın 27-də Qaradağ rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində “Poliqon” informasiya agentliyinin və “Milli Yol” qəzetinin vəfat etmiş redaktoru Şahin Ağabəylinin ölüm faktı ilə bağlı aparılmış avtotexniki ekspertizanın nəticəsi məlum olub. Bu barədə bu gün (27 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Vaqif Nəcəfov məlumat verib.
Habelə qeyd edək ki, bu gün Şahin Ağabəylinin doğum günü ilə əlaqədar olaraq dostları və jurnalist həmkarları “Ümid” Partiyasının qərargahında mərhum jurnalistin anım günü ilə bağlı toplantı keçirdilər. Toplantıda Ağabəylinin yaxın dostları, həmkarları onunla bağlı düşüncələrini və xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, yaxın dostu Anar Gəraylı və digərləri mərhum barəsində ən xoş xatirələrini yada salaraq, onun ölümünü mətbuat üçün böyük itki hesab elədiklərini qeyd elədilər. Tədbir iştirakçıları sonda Ş. Ağabəylinin ailəsinə hərtərəfli dəstək olmaq və evlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməli olduğunun vacibliyini vurğuladılar.
Xatırladaq ki, oktyabrın 27-də səhər saatlarında Bakı – Qazax yolu istiqamətində hərəkət edən içərisində “Poliqon” informasiya agentliyinin rəhbəri və “Milli Yol” qəzetinin redaktoru Şahin Ağabəylinin olduğu və jurnalist Aqil Ələsgərin idarə etdiyi “Nissan Tiida” markalı 90 FJ 524 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək aşmış və nəticədə Şahin Ağabəyli dünyasını dəyişmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 263.2-ci maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.