“AZƏRBAYCAN RUSİYA VƏ ABŞ ARASINDA” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

sentyabr 25th, 2009
Bu gün (25 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində amerikalı politoloq, elmlər doktoru Jiri Valentanın iştirakı ilə "Azərbaycan Rusiya və ABŞ arasında” mövzusunda  dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan J.Valenta  son vaxtlar Qafqazda baş verən hadisələri yaxından müşahidə etdiyini və Azərbaycana da səfərinin əsas məqsədinin buradakı vəziyyəti öyrənmək olduğunu bildirdi.  Dünya ölkələrinin  Cənubi Qafqazda iqtisadi, siyasi, diplomatik və strateji maraqlarının olduğunu qeyd edən amerikalı politoloq Rusiyanın Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışmasının təhlükəli tendensiya olduğunu qeyd etdi. Xüsusən də Rusiya tərəfindən Gürcüstanın  daxili sabitliyinin pozulmasını və onun ərazi bütövlüyünə müdaxiləsini, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Venesuela və Nikaraquanın tərəfindən tanımasını, Ukraynaya münasibətdə səsləndirdiyi təhdidləri xatırladan Valenta Azərbaycan üçün də müəyyən təhlükələrin olduğunu söylədi.
J. Valenta adıçəkilən ölkələrdə insan haqlarının qorunması sahəsində  bir çox işlərin görülməli olduğunu və bu məsələdə onları bir olmağa çağırdı.
Çıxışdan sonra amerikalı politoloq jurnalistlərin və digər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.