TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULMAQ ÜZRƏDİR

Poliqon İnformasiya Agentliyinin (pia.az) redaktoru və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 4-cü kurs tələbəsi Elmin Bədəlov təhsil aldığı ali məktəbdən qovulmaq üzrədir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E.Bədəlovun özü məlumat verib. Tələbə-jurnalist bildirib ki, oxuduğu “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov ona artıq üç kəsiri  olduğuna görə qovulacağını deyib. “4-cü kursa qədər heç vaxt kəsirim olmayıb. ADNA haqqında yazdığım tənqidi yazılardan sonra dekan məni yanına çağıraraq, məqaləni sifarişlə yazdığımı dedi və məni  hədələməyə başladı. Bundan sonra mənə qarşı qərəz başladı və məni qəsdən bütün  imtahanlardan kəsməyə başladılar. İndi isə artıq yalnız qovulmağım haqqında rektorun əmri qalıb” – deyən E.Bədəlov vurğuladı ki, o imtahanları istənilən tərkibdən ibarət komissiya ilə verməyə hazırdır. E.Bədəlov əlavə etdi ki, qovulmağı barədə rəsmi əmr çıxdıqdan sonra məhkəməyə müraciət edəcək.
Məsələ ilə bağlı ADNA-nın “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədova dəfələrlə zəng etsək də, telefona cavab verən xanım dekanın rektorluqda iclasda olduğunu bildirdi.
Xatırladaq ki, Elmin Bədəlov 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı  pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazıb. Tələbə-jurnalist ona qarşı baş verən təzyiqlərin də məhz yazdığı məqalə ilə əlaqədar olduğunu bildirir.

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HÜCUM OLUB

Next Post

“AZAD MƏTBUATIN AZAD SÖZ PROBLEMİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.