NAXÇIVANDA İNSAN HÜQUQLARININ DURUMUNA DAİR DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (13 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının vəziyyətinə dair dəyirmi masa keçirildi.

Dəyirmi masada çıxış edən jurnalistlər Elman Abbasov və Həkimeldostu Mehdiyev Muxtar Respublikada insan hüquqlarının bütün sahələr üzrə kobud şəkildə pozulduğunu bildirdilər.

Jurnalistlərin sözlərinə görə, insanların sərbəst hərəkət etmək, sərbəst toplaşmaq, mülkiyyət, məlumat azadlığı, habelə seçib-seçilmək hüquqları Muxtar Respublika rəhbərliyi tərəfindən mütəmadi olaraq kobud şəkildə pozulur. Bölgədə müxalifət düşüncəli insanların yaşaması və işləməsinə imkan vermir. Müstəqil jurnalistlər, onların ailələri və qohumları təqib olunur.

Masada 2005-ci ildə Ordubad rayonunu Nehrəm qəsəbəsindən qeyri-rəsmi deportasiya edilmiş Sahib Hüseynov da çıxış etdi. Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərdə namizədliyini vermək istədiyini deyən S. Hüseynovun sözlərinə görə, bunun üçün onun Muxtar Respublikaya dönməsinə ehtiyac var: “Məni evimdən qovublar və geri dönməyimə imkan vermirlər”.

Dəyirmi masanın sonunda E. Abbasov, H. Mehdiyev  Naxçıvanda insan haqlarının qorunması istiqamətində səylərini daha da artırmaq üçün bu gün yeni ictimai birlik  – Regionlarda İnsan Hüquqlarının Monitorinqi təşkilatı təsis etdiklərini də elan etdilər.

Qeyd edək ki, dəyirmi masada QHT və KİV rəhbərləri, Azərbaycanda fəaliyyətdə olan diplomatik korpus və beynəlxalq qurumların nümayəndələri də iştirak edib.

Previous Post

AVROPA İTTİFAQI AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏ SÖZ AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

Next Post

REGİONLARDA HÜQUQLARININ MONİTORİNGİ İB TƏSİS EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.