Oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində məhbus fəal, “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin şikayəti ilə bağlı məhkəmənin hazırlıq iclası olub. Şikayət Nizami Rayon Məhkəməsinin qərarından verilib.
“Media Forum” xəbər saytının verdiyi məlumata görə Ruslan Bəşirlinin vəkili Tahir Xanəliyev deyib ki, Nizami Rayon məhkəməsinin qərarı heç bir hüquqi əsasa söykənilmədən çıxarılıb. “Qərarda 2007-ci ildə Ruslan Bəşirli barəsində tətbiq edilən tənbeh tədbirləri öz əksini tapmışdı. Ancaq bu tənbeh tədbirləri bir il müddətində tətbiq edilmirsə, qüvvəsini itirmiş sayılır. 2007-ci ildən 2011-ci ilə qədər Ruslan Bəşirli barəsində heç bir tənbeh tədbiri olmayıb. Bu səbəbdən qərardan apelyasiya şikayəti vermişik”, – deyə vəkil qeyd edib.
Vəkilin sözlərinə görə, apelyasiya şikayətinə oktyabrın 12-də baxılacaq. Bu gün keçirilən hazırlıq iclasında hakim Camal Ramazanov belə qərar verib.
Xatırladaq ki, “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli 2005-ci ilin 18 may tarixində parlament seçkiləri ərəfəsində həbs edilib. 2006-cı ilin iyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Ruslan Bəşirlini Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə) ilə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib. “Yeni Fikir” Gənclər Təşkilatı sədrinin 2005-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat, AXCP, ADP-nin yaratdığı “ Azadlıq” seçki blokunun mitinqlərində nümayiş etdirdiyi fəallığına görə şərlənərək həbs edilib.