SAKİT ZAHİDOV AZADLIĞA ÇIXACAĞI GÜNÜ SƏBİRSİZLİKLƏ GÖZLƏYİR

dekabr 16th, 2008
Dekabr ayının 13-də həyat yoldaşı Rəna Zahidova 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin  əməkdaşı, satirik  Mirzə Sakitlə (Zahidov) görüşüb.

Bu barədə RATİ-yə Zahidovanın özü məlumat verib. Onun sözlərinə görə,  M. Sakitin saxlanma şəraitindən və səhhətindən heç bir şikayəti yoxdur, amma o,  ev üçün çox darıxır: “Atasının yas mərasimində iştirak etmək üçün  müvəqqəti azadlıqda olub yenidən cəzaçəkmə müəssisəsinə qayıtması ona pis təsir edib. O  çox darıxır və 5 ay sonra cəzasının bitəcəyi günü gözləyir”.
 
 Qeyd edək ki, M. Sakitin atası Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. M. Sakit habelə qardaşı Qənimət Zahidov anaları Xədicə Zahidovanın Ədliyyə Nazirliyinə vurduğu teleqramdan sonra dekabrın 2-dən 3-ə keçən gecə müvəqqəti olaraq azadlığa buraxılmışdılar. Dekabrın 8-də isə Zahidov qardaşları yenidən cəza çəkdikləri müəssisələrə qaytarılıblar.

 R. Zahidovanın sözlərinə görə, son günlər yeni il münasibəti ilə mümkün əfv fərmanının veriləcəyi ilə bağlı mətbuatda dolaşan fikirlər də M. Sakit üçün maraqlı deyil: “Biz Sakitin azad olunması üçün ona verilən cəzanın müddətinin bitməsini səbirsizliklə gözləyirik”.