MİRZƏ SAKİT MƏTBUAT KONFRANSI KEÇİRDİ

Bu gün (17 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATI) mətbuat mərkəzində “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakit (Sakit Zahidov) həbs olan müddətdə Ədliyyə sistemində şahid olduğu qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirdi.

İlk öncə M. Sakit həbsdə olduğu 3 il ərzində qayğı və dəstəyə görə, yerli və beynəlxalq qurumlara, ATƏT-ə, ABŞ Dövlət Departamentinə, hüquq müdafiəçilərinə, hakimiyyətdə olan bir çox insanların ona dəstək olduğunu lakin adlarını çəkmək istəmədiyi şəxslərə öz minnətdarlığını bildirdi.
Öz çıxışında satirik həbsxana həyatını dəhşət adlandırdı: ”Lakin bütün bu çətinliklərə baxmayaraq mən silsilə yazılarımı yenə də davam etdirəcəyəm. Mən “Azadlıq” qəzetinin əməkdaşı olmaqdan başqa həm də bir şairəm. 21-ci əsrin ən böyük insanı olan Elmar Hüseynov öz missiyasını ölənədək davam etdirdi. Ancaq onun ölümündə təqsirli bilinən şəxslər hələ də öz cəzalarını almayıblar. Lakin bütün bunlara baxmayaraq mən də öz yolumdan dönməyəcəm”.
Daha sonra satirik yazar həbsxanalarda baş verən qanun pozuntularından söhbət açdı. O, cəza çəkdiyi 14 saylı həbsxanada baş verən bir çox qanun pozuntularının şahidi olduğunu vurğuladı. Jurnalistin sözlərinə görə, referendumla bağlı seçkilər keçirildiyi vaxt heç bir məhkum bülletenlə təmin olunmayıb: “Bu işin başında 14 saylı cəza çəkmə müəssisəsində fəaliyyət göstərən mayor Əli İbrahimov və onun köməkçisi mayor Vüsal Mahmudov dururlar. Mən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova yazılı şəkildə müraciət etdim. Lakin onun tərəfindən bu işə heç bir reaksiya verilmədi. Onda mən bu barədə məlumatı gizli yolla mətbuata ötürdüm və bu məlumat 22 mart “Azadlıq” qəzetində dərc olundu.
 S. Zahidov daha sonra həbsdə olan digər jurnalistlər – Qənimət Zahid, Eynulla Fətullayev barəsində də öz fikrini bildirdi: "Onlar həbsdədir və onların bu durumda olmalarına bizim hakimiyyət günahkardır. Buna görə də mətbuatda onlar haqqında tez-tez yazılar yazılmalı, onlara dəstək olunmalıdır”.
Daha sonra satirik yazar 14 saylı cəza çəkmə müəssisəsində insanlara verilən işgəncələr barədə söz açdı: “Hətta məni də qanunsuz olaraq burda bir dəfə qandalladılar. Buna səbəb isə mənim yazmış olduğum “İlhamla İrəli” başlıqlı şerim oldu. Mən orda fiziki işgəncələrin də şahidi oldum. Belə ki, məhkumları sındırmaq məqsədi ilə onlara 50-60 kq çəkisi olan kotan sürdürürdülər. Bir dəfə məni də buna sövq etmək istədilər, lakin mən buna etiraz edərək səs küy qaldırdım. Mən bu barədə Elçin Behbudova müraciət etdim. O, müəssisəyə gəldikdən sonra bu məsələ aradan qaldırıldı”.
Onun sözlərinə görə, 14 saylı cəza çəkmə müəssisəsində qanunsuzluq, rüşvətxorluq baş almaqdadır və hətta görüş almağa gedəndə belə rüşvət alınır. M. Sakit bütün bunlarla yanaşı həmin cəza çəkmə müəssisəsində bir özbaşınalığın da şahidi oldu. Onun sözlərinə görə, Türkiyə vətəndaşı Həmid Doğan adlı bir şəxsin həbsxanada mübahisə edən məhkumların barədə xəbərini rəisə çatdırdığı üçün onun qolunu qandallayaraq rəisdə başda olmaqla işgəncələr verilmişdi: “Mən bu işi hüquq müdafiəçisi Çingiz Qənizadəyə bildirdim və ondan bu işlə məşğul olmasını xahiş etdim. Lakin Ç. Qənizadə bu məsələyə heç bir reaksiya vermədi. Buna görə də mən bunu burda qeyd etməyi özümə borc bildim” – deyə əlavə etdi.
 
Previous Post

TƏLƏBƏ YAZDIĞI YAZIYA GÖRƏ UNİVERSİTETDƏN XARİC OLUNDUĞUNU İDDİA EDİR

Next Post

ALİ MƏHKƏMƏ HÜQUQŞÜNASA QARŞI İDDİANI İCRAATA GÖTÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.