MİRZƏ SAKİT 10 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

Bu gün (30 mart) 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin (Sakit Zahidov) vəkili İsaxan Aşurov onunla görüşüb.

Bu haqda RATİ-yə məlumat verən vəkilin sözlərinə görə jurnalistin vəziyyəti normaldır.
İ.Aşurov M.Sakitin 10 saylı cəzaçəkmə müəssisəsinin rəisini məhkəməyə verəcəyini və sabah günün birinci yarısında ərizəni məhkəməyə təqdim edəcəyini bildirdi. “Biz iddia ərizəmizdə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisinin hərəkətinin qanunsuz hesab edilməsini istəmişik. Sakit Zahidov mart ayının 18-i buraxılmalı olduğu halda hələ də azadlığa buraxılmayıb ”- deyə vəkil əlavə edib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanovla əlaqə saxladıq. O, amnistiyanın tələblərinə uyğun olaraq jurnalistin azadlığa buraxılmalı olduğunu söylədi: “Onun yazdığı ərizənin əhəmiyyəti yoxdur.  Amnistiyanın tələblərinə uyğun olaraq o, vaxtı çatanda azadlığa buraxılacaq”.
10 saylı cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlamağa çalışsaq da telefona cavab verən olmadığından bu mümkün olmadı.
Həmçinin Mirzə Sakit bu gün həyat yoldaşı Rəna Zahidova ilə telefon əlaqəsi yaradıb. Bu haqda məlumatı RATİ-yə jurnalistin həyat yoldaşı verib. O bildirib ki, amnistiya ilə bağlı heç bir xəbər yoxdur. “Nə Sakit, nə də mən onun azadlığa buraxılmasına inanmırıq. Biz iyun ayının 23-ünü gözləyirik” – deyə R. Zahidova əlavə etdi.
Xatırladaq ki, 17 mart tarixində Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktı satirik jurnalist Mirzə Sakitə (Sakit Zahidov) də şamil olunmuşdu.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORUNUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

“EKOLOQ” JURNALİSTLƏR İCTİMAİ BİRLİYİ MÜSABİQƏ QALİBLƏRİNİN ADLARINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.