Bu gün (18 fevral) “SalamNews” agentliyinin müxbiri Zülfüqar Xeyirxəbər fiziki təzyiqə məruz qalıb.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Qaynar Xəttinə saat 13.05-də məlumat verən agentliyin direktoru Gülnaz Qənbərli bildirib ki, peşə fəaliyyətini yerinə yetirən müxbir döyülüb və şikayət etmək üçün Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinə gedib. Dərhal 9-cu polis bölməsinə gedən RATİ-nin araşdırma qrupuna hadisə barəsində Zülfüqar Xeyirxəbərin özü məlumat verib. O, bildirib ki, bu gün saat 12 radələrində İqtisadiyyat Universiteti ilə üzbəüz “Karvan” çay evində partlayış olması ilə bağlı məlumat hazırlamaq istəyib. “Jurnalist olduğumu bildirsəm də, qapının qarşısında qarşımı kəsən bir şəxs mənə şəkil çəkməyə mane oldu və təhqir etməyə başladı. Sonradan onun kafenin Zaur adlı icarədarı olduğunu bildim. Onu etikaya çağırsam da, o, daha da aqressivləşərək zərbələr endirməyə başladı. İçəridən çıxan bir nəfər də ona kömək etdi və mənə fiziki təzyiq göstərdilər” – deyən Z.Xeyirxəbər vurğuladı ki, onun təkidi ilə polis nəfərləri həmin şəxsləri saxlayaraq 9-cu polis bölməsinə gətiriblər. Z.Xeyirxəbər əlavə etdi ki, bölmədə İbrahim adlı əməliyyat müvəkkili də onunla kobud davranıb. “Mən isə ona zərərçəkən olduğumu bildirdim və fiziki təzyiqə məruz qalmağımla bağlı şikayət ərizəsi yazdım” – deyə Z.Xeyirxəbər tibbi ekspertizadan keçəcəyini də bildirdi. Qeyd edək ki, müxbirin sifətində fiziki təzyiq nəticəsində yaranmış xəsarətlər vardı.
Məsələ ilə əlaqədar 9-cu polis bölməsinin növbətçisi Məmmədov RATİ əməkdaşına bildirdi ki, hər şey qanun çərçivəsində həll olunacaq. “Təzyiqə məruz qalmış şəxsin ərizəsi alınaraq qeydiyyata salınıb və özünü pis hiss etdiyi üçün hələlik izahat yazmayıb. Ona ekspertizadan keçməsi üçün göndəriş verilib” – deyə növbətçi bildirdi.
Qeyd edək ki, rusdilli “SalamNews” (salamnews.org) agentliyi noyabr ayından fəaliyyət göstərir.