“Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla Mustafayevanın Qazaxda yaşayan qohumlarına təzyiqlər edilir və rayonda “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulub. Bu barədə bu gün (27 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) L. Mustafayevanın özü məlumat verib.
“Yanvarın 25 də qəzetimizin səhifəsində “DSK sədrliyi 15 min manata satılır” başlıqlı yazı dərc edilmişdi və bu yazı Qazax rayonundan redaksiyamıza daxil olan məlumat əsasında hazırlanmışdı. Məlumatda Qazax seçki dairəsində dairə seçki komissiyası vəzifəsinin “hərraca” çıxarılması, eləcə də rayonun icra başçısı Rauf Hüseynovun bu vəzifədə çalışmaq istəyən namizədlərə “15 min manat ver, gəl otur” deməsi kimi ifadələr öz əksini tapmışdı. Məqalə qəzetdə dərc olunduqdan sonra rayonun icra başçısı Rauf Hüseynov tərəfindən Qazaxdakı qohumlarıma təzyiqlər edilməyə başladı, icra başçısı yaxın qohumum, Qazax Rayon Həmkarlar İttifaqının sədri Fərhad Qocamanovu çağıraraq danlayıb, onu işdən çıxaracağı ilə hədələyib. Aldığım məlumata görə, bu səbəbdən də qəzetimizin rayonda satışına da məhdudiyyətlər qoyulub” – deyə Mustafayeva qeyd etdi.
Qarşı tərəfin də münasibətini öyrənmək üçün gün ərzində Qazax rayon İcra Hakimiyyətinin (027 95 16 96) telefon nömrəsinə etdiyimiz zənglərinə isə cavab verən olmadı.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunur.