Mayın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Mirzə Sakit əmək hüququnun pozulması iddiası ilə mətbuat konfransı keçirib. Satirik yazarın sözlərinə görə, Almaniyadan 2 aydır qayıtmasına baxmayaraq sosial təminatını təmin edə bilmir və o əvvəlki iş yerinə işə bərpa oluna bilmir.
Mirzə Sakit bildirdi ki, dəfələrlə bir sıra tanınmış ziyalılar vasitəsilə “Azadlıq” qəzetinə müraciət etməsinə baxmayaraq işə bərpa olunmağına dair müsbət cavab ala bilməyib.
“Hazırda işsizəm. Ailəmin və özümün yaşamağımız üçün işləməyim lazımdır. Yazılarımı digər qəzetlər də çap etmir”, – deyə qeyd edən Mirzə Sakit yaranmış vəziyyətdən çıxış yolunu tapa bilmədiyini bildirdi.
Məsələ ilə bağlı “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid RATİ-ya bildirdi ki, Mirzə Sakitin şerləri bir daha “Azadlıq” qəzetində çap edilməyəcək. “Bir zamanlar Sakitin şerləri çap olunub. Lakin Sakitin “Azadlıq” qəzetinin kollektivinə qarşı münasibəti və xüsusi iddiaları nəticəsində onun şerlərinin çapı dayandırılıb. “Azadlıq ” qəzetinin kiminsə şerlərini əbədiyyətə qədər çap etmək kimi bir öhdəliyi yoxdur”, – deyə Qənimət Zahid əlavə etdi.